Vuçiç mayın 9-da Moskvaya SƏFƏR EDƏCƏK
Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının (Aİ) güclü təzyiqlərinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin 9 May Qələbə Günü münasibətilə təşkil etdiyi paradda iştirak qərarından geri çəkilmədiyini bəyan edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Avropa rəsmiləri Vuçiçi xəbərdar ediblər ki, onun Moskvaya səfəri və orada keçiriləcək hərbi tədbirdə iştirakı Aİ-yə üzv olmaq istəyən ölkələr üçün müəyyən edilmiş meyarlarla ziddiyyət təşkil edir. Bu addım həmçinin Serbiyanın Aİ-yə inteqrasiya istiqamətindəki bəyan edilmiş ambisiyalarına ciddi zərbə vura bilər.
Vuçiç isə bildirib ki, Serbiyanın hərbi birləşmələrindən biri 9 May tarixində Moskvadakı Qızıl meydanda keçiriləcək hərbi paradda iştirak edəcək. Onun sözlərinə görə, Serbiya bu il ilk dəfə olaraq parada “birgə təşkilatçı” qismində qatılır.
“Yaxın vaxtlarda Moskva tədbiri ilə bağlı üzərimizə təzyiqlər olacaq. Lakin biz bu tədbirdə iştirak edəcəyimizi əvvəlcədən elan etmişik,” – deyə o vurğulayıb.
Vuçiç, həmçinin Moskvaya Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə gedəcəyini də açıqlayıb.
Qeyd edək ki, Aİ-nin baş diplomatı Kaya Kallas 14 aprel tarixində Avropa liderlərini Moskvada keçiriləcək hərbi tədbirlərdən imtina etməyə və bunun əvəzinə Ukraynaya həmrəylik nümayiş etdirməyə çağırıb. Aİ, həmçinin, üzv olmaq istəyən dövlətlərə Moskvadakı parada qatılmamaq və Rusiya ilə yüksək səviyyəli təmaslardan çəkinmək barədə açıq şəkildə xəbərdarlıq edib.