Vüqar İsgəndərov: "ABŞ-İran münaqişəsinin pərdəarxasında Çin amili var"
“ABŞ və İran münaqişəsindən məmnun olan yeganə tərəf Çindir”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Deputat ABŞ və İran arasında Pakistanda keçirilən görüşün nəticəsiz qalmasının pərdəarxası səbəblərini sadalayıb:
“İslamabadda Pakistanın vasitəçiliyi ilə təşkil olunan ABŞ-İran görüşü nəticəsiz yekunlaşsa da, hər iki tərəf mətbuata açıqlamasında konstruktiv razılaşma cəhdlərinə rəğmən, ümumi nəticənin əldə olunmadığını etiraf etdi. Bu uğursuz görüş bir neçə mühüm məqamı ortaya çıxardı. İlk növbədə, müzakirələrin kifayət qədər gərgin keçdiyi, tərəflərin bir-birinə qarşı sərt tonlardan istifadə etdiyi bildirilir. Digər tərəfdən, hər iki tərəfin görüşə maksimalist tələblərlə qatıldığı əvvəldən hiss olunurdu; məhz buna görə də ortaq məxrəcə gəlmək mümkün olmadı.
İran tərəfinin 71 nəfərlik geniş nümayəndə heyəti ilə qatılması onun məsələni tam həll etmək niyyətində olduğunu göstərirdi. Bu heyətdə İranın demək olar ki, bütün strateji sahələrini təmsil edən şəxslər yer almışdı. Onlar düşünürdülər ki, ən xırda detallarla bağlı problem yaransa, yerindəcə həll etsinlər. Görünən odur ki, İran o görüşdə məsələni birdəfəlik bitirməyə çalışırdı. Lakin ABŞ nümayəndə heyətinin sayca azlığı, tərkibində kifayət qədər təcrübəli şəxslərin yer almaması və heyətə vitse-prezidentin rəhbərlik etməsi Amerikanın strategiyasının fərqli olduğunu göstərirdi. ABŞ bir növ “taym-aut” götürmək üçün bu görüşə razılıq vermişdi. Çünki müharibənin gedişatında məlum oldu ki, Vaşinqton İranla bağlı strategiyanı düzgün qurmayıb və İranın real gücü bütün detalları ilə hesablanmayıb. Bu səbəbdən ABŞ zaman keçdikcə “bataqlığa” düşdüyünü hiss edirdi; üstəlik, parlament tərəfindən prezidentə verilən hərbi icazənin müddəti də bitmək üzrə idi. Bu gedişat daxildə Trampın vəziyyətini çətinləşdirməyə başlamışdı, buna görə də görüşün keçirilməsi ABŞ üçün də vacib idi”.
V. İsgəndərov Amerikanın müharibənin ikinci fazasına hazırlaşdığını diqqətə çatdırıb:
“Görüşdə yekun nəticə əldə olunmayıb. Paralel olaraq, Trampın Körfəzə yeni ağır silahlar və 2000-ə yaxın hərbçi göndərilməsi barədə bəyanatı oldu. İsrail isə digər tərəfdən Livanı bombalamağa başlayıb. Onlar da məsələnin sona qədər davam edəcəyini bəyan etdilər. İsrail tərəfi “Livan və İranla bağlı məsələ kökündən bitməlidir” tərzində sərt açıqlamalar verərək vəziyyəti daha da qızışdırmaqda davam edir”.
Deputat qeyd edib ki, Amerikanın Hörmüz blokadası planı dəstək görmədiyi üçün uğursuzluğa məhkumdur:
“ABŞ rəhbərliyi Hörmüz boğazını blokadaya alacağı ilə bağlı yeni bir iddia ortaya atıb. Lakin bunu reallaşdırmaq çox çətindir, çünki bu qərara dəstək verən ölkə demək olar ki, yoxdur. Digər məsələ isə blokada mexanizminin hazır olmamasıdır. Boğaz məsələsində ciddi anlaşılmazlıqlar var, lakin aydın görünən odur ki, bütün bu proseslərdən məmnun olan tərəf Çindir. Çin nümayəndə heyətinin görüşdə iştirakı onların da bu məsələdə maraqlı olduğunu təsdiqləyir. Qısacası, əgər eskalasiya davam edərsə, münaqişə daha da böyüyəcək ki, bu da region və dünya üçün arzuolunan deyil”.
Deputat ABŞ və İran arasındakı “düyün”ün sülh yolu ilə açılması üçün Azərbaycanın hər cür dəstəyə hazır olduğunu bildirib:
“Biz Azərbaycan olaraq tərəfləri danışıqlara dəvət edirik. Həm qonşumuz İrana, həm də ABŞ-yə sülh və əmin-amanlıq arzu edirik. Regionumuzda müharibə alovlanmaması üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Dayanıqlı sülhün əldə olunması üçün hər iki ölkəni danışıqlar masasına dəvət edir, problemin diplomatik yollarla aradan qaldırılmasını arzulayırıq”.
Nurlan Cəfəri













