Vüqar İsgəndərov: "Azərbaycan artıq geniş arenada söz sahibidir"
“Münhendə keçirilən görüşlər və aparılan müzakirələr ölkəmizin nüfuzunun davamlı şəkildə artdığını təsdiqləyir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

O, Prezident İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı və oradakı mühüm çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransının sammitlərində iştirakı artıq bir ənənəyə çevrilib:
“Dövlət başçısı Münhenə dəfələrlə səfər edib və hər bir səfəri məhsuldar görüşlər, panel müzakirələri və mühüm mesajlarla yadda qalıb. Bu dəfə də ölkə rəhbəri bir çox dövlət başçıları, iri şirkətlərin prezidentləri və icraçı direktorları ilə görüşlər keçirib. Onun panel iclasındakı çıxışı böyük maraq doğurub; müzakirələrdə tanınmış siyasətçilər, elm adamları və müxtəlif ölkələrin rəhbərləri iştirak ediblər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın milli maraqlara əsaslanan siyasətini xüsusi vurğulayıb və ölkəmizin qlobal əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan Avropa və Avrasiya ilə yanaşı, Yaxın və Uzaq Şərq, o cümlədən Çin və ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlıq platforması qurur. Bu balanslı xarici siyasət kursu ölkəmizin nüfuzunu getdikcə artırır. Bu yanaşmanın beynəlxalq səviyyədə qəbul olunması artıq inkaredilməz faktdır Almaniya və Serbiya səfərləri də bunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev qlobal liderlər sırasındakı mövqeyini daha da möhkəmləndirib. Onun bəyanatları beynəlxalq mediada geniş işıqlandırılır. Bu, Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafi arenada söz sahibi olduğunu nümayiş etdirir. Beynəlxalq münasibətlər sistemində Azərbaycan cəlbedici və etibarlı tərəfdaşa çevrilib. Münhendə keçirilən görüşlər və aparılan müzakirələr ölkəmizin beynəlxalq nüfuzunun davamlı surətdə yüksəldiyini sübut edir”, – deyə deputat vurğulayıb.
Nəsimi Ələsgərli













