Vüqar İsgəndərov: "Paşinyan həqiqi sülh istəyirsə, konstitusiyanı dəyişməlidir"
“Paşinyanın sülhlə bağlı müsbət fikirləri öz daxili auditoriyası üçündür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Deputat Paşinyanın son vaxtlar sülh müqaviləsinin bağlanması haqqında bildirdiyi müsbət fikirlərin sətiraltı mənasını açıqlayıb:
“Azərbaycan və Ermənistan arasındakı dövlətlərarası sülh müqaviləsinin imzalanması, əlaqələrin formalaşması üçün hər iki ölkə kifayət qədər addımlar atıb. Biz bilirik ki, bu məsələdə lokomotiv ölkə Azərbaycandır və onun prezidenti Cənab İlham Əliyevdir. Sülh sazişinin paraflanması və təsdiqi demək olar ki, qarşısındakı kiçik maneələri çıxmaq şərtilə öz həllini tapıb və bu əsas qeyd olunan maneə Ermənistanın konstitusiyasındakı dəyişiklikdir. Bu il Ermənistanda keçiriləcək olan parlament seçkilərində Paşinyanın komandasının qalib gəlməsi sülh müqaviləsi üçün çox yaxşı fürsətdir. Əvvəla Paşinyanın son günlər verdiyi açıqlamalarda sülh müqaviləsinin imzalanmasının onun üçün prioritet məsələ olduğunu qeyd etməsi müsbət haldır amma burda əsas məsələ odur ki, Paşinyan öz üzərinə düşən öhdəliklərini də yerinə yetirməlidir. Bu da konstitusiyaya ediləcək dəyişikliklərdir ki, biz əgər sülh müqaviləsindən danışırıqsa bütün sahədə münasibətlərin normallaşması üçün Ermənistan qanundakı torpaq iddiasında qalması absurddur. Paşinyan sülh müqaviləsini imzalamağa tələsməklə parlament seçkilərində beynəlxalq güclərdən dəstək almağı da hesablayır. Bu, Ermənistanın özünə də siyasi dividend gətirə bilər amma əsas fakt budur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi o zaman imzalana bilər ki, iki ölkə arasında qarşılıqlı olaraq heç bir iddianın olması məsələsi sıradan çıxmalıdır. Təbii ki, torpaq iddiası olan Ermənistan Azərbaycanın tarixi qələbədən sonra yeni siyasi mənzərənin formalaşdırılması və Azərbaycanın Ermənistanı sülhə məcbur etməsi çox vacib baza prinsiplərini təqdim etməsi ilə başlanan sülh gündəliyi indiyəcən çox böyük yol qət edib və artıq Azərbaycan xoşməram nümayiş etdirərək ərazisindən Rusiyadan gələn taxılın Ermənistana göndərilməsi, vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərinin təşkili və ölkə səviyyəsində təmasların olması müsbət haldır.”
Deputat qeyd edib ki, Paşinyanın son vaxtlar sülh müqaviləsi haqqında bildirdiyi müsbət fikirlər daxili auditoriyası üçün effektiv alınır:
“Son vaxtlar Paşinyanın açıqlamaları özünün daxili auditoriyası üçün nəzərdə tutulub amma əsas məsələ isə odur ki, fakt faktlığında qalır: Paşinyan həqiqi sülh istəyirsə konstitusiyasına dəyişiklik etməlidir!”
Nurlan Cəfərli













