Vüqar Rəhimzadə: "Kompensasiya tələb etmək bizim haqqımızdır"
“Bu ziyana görə kompensasiyanın tələb edilməsi bizim haqqımızdır və bu tələb beynəlxalq ədalət prinsiplərinə əsaslanır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat Ermənistanın Azərbaycana kompensasiya ödəməsi məsələsi ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, beynəlxalq hüquqa söykənən yanaşma mövcuddur və bu, beynəlxalq ədalət prinsiplərini əsas götürür:
“Doğrudur, bu gün bir çox hallarda ədalət prinsipləri pozulur, beynəlxalq hüquq isə demək olar ki, tam işlək vəziyyətdə deyil. Belə şəraitdə bizim bir nömrəli vəzifəmiz daha da güclənmək, daha qüdrətli dövlətə çevrilməkdir. Bu mübarizə fonunda əsas şərtlərimizdən biri Ermənistanın törədilmiş soyqırımını qəbul və etiraf etməsidir. Həmin cinayətləri törədən və onlara rəhbərlik edən şəxslər layiq olduqları hüquqi qiyməti almalı, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.
Eyni zamanda kompensasiya məsələsi də gündəmdədir. Söhbət təkcə bir bölgədən getmir. Xocalı soyqırımı, ərazilərimizdə tarixi və dini abidələrimizin dağıdılması, kənd və qəsəbələrimizin məhv edilməsi faktları da beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir. Bu ziyana görə kompensasiyanın tələb edilməsi bizim haqqımızdır və bu tələb beynəlxalq ədalət prinsiplərinə əsaslanır.
Əsas məqsədimiz zaman-zaman bu hədəflərə daha da yaxınlaşmaqdır. Qeyd olunduğu kimi, bu hadisəni soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artır. Reallığı dərk edən və mövcud faktlara əsaslanaraq bu qənaətə gələn dövlətlərin sayı getdikcə çoxalır. İnanırıq ki, zaman keçdikcə hazırda tanımayan digər ölkələr də Xocalı faciəsini soyqırımı kimi tanıyacaqlar.
Beynəlxalq hüquq və beynəlxalq məhkəmələr qarşısında qaldırılan məsələlərə obyektiv yanaşmanın şahidi olacağımıza ümid edirik. Ədalət gec-tez bərpa olunmalı və bu faciə ilə bağlı hüquqi-siyasi qiymətini almalıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













