“Tovuz döyüşlərində, eləcə də ümumən Qarabağ uğrunda döyüşüb, qəhrəmancasına həlak olan şəhidlərimizin həyatı ekranlaşdırılmalıdır. Necə ki, Mehdi Hüseynzadə haqqında çəkilən filmə baxıb, onu bir qəhrəman kimi sevirlər, unutmurlar, milli qəhrəmanlarımız haqqında da da elə keyfiyyətli filmlər çəkilməlidir ki, gələcək nəsillərə örnək olsun”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, aktyor Vidadi Əliyev bildirib.
Aktyor bunun üçün mükəmməl ssenarilərin yazılmasını vacib sayır:
“Belə filmlər üçün keyfiyyət çox önəmlidir. Şəhidlərimiz haqqında adlarına layiq ekran işləri ərsəyə gətirilməlidir. Düzdür, müəyyən qədər sənədli filmlər var, amma bədii filmlər də çəkilməlidir”.
Xalq artisti onu da bildirib ki, televiziyalar milli kinomuzun ən gözəl incilərini yalnız xüsusi günlərdə deyil, hər zaman nümayiş etdirməlidir:
“Cəbhədə hadisələrin gərginləşdiyi vaxtda telekanallarımızda milli kinomuza yer ayrılır. Düzdür, hərbi-vətənpərvərlik mövzusunda bədii filmlərimiz o qədər də çox deyil, amma var. “Nabat”, “Yarımçıq qalmış xatirələr”, “Dolu” və digər filmlərimizə sevəsevə baxırlar. Alqışlayıram, amma bu filmlər kampaniya xarakteri daşımamalıdır. Yəni xüsusi günlərdə deyil, həmişə ekranlarda nümayiş olunmalıdır”.
Cəvahir
www.yenicag.az