“Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədov Ağdamda dəfn edildi – FOTOLAR
Dünən mina partlaması nəticəsində həlak olmuş “Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun dəfn mərasimi bu gün Ağdam rayonunun Üçoğlan kəndində keçirilir.
Yenicag.az xəbər verir ki, mərhumla vida mərasimi əvvəlcə onun yaşadığı Ağdam rayonunun Baharlı qəsəbəsindəki evində təşkil olunub. Hazırda dəfn mərasimində rayon ictimaiyyəti, müharibə veteranları və minlərlə sakin iştirak edərək mərhumu son mənzilə yola salırlar.
Qeyd edək ki, S. Əhmədov Ağdam rayonunun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olub.
Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Səyyaf Fiqan oğlu Əhmədov 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Dörd övladı olan “Xanı” həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılan qəhrəman keçirdiyi döyüşlərdə üç dəfə ağır yaralanıb və vətən uğrunda göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
Səxavət Məmməd