Xaricdən sifariş olunan bağlamaların geri qaytarılması: Bu proseslə bağlı nələri bilməliyik?

media-hightechnic-468x90

Son vaxtlar xaricdən sifariş olunan bağlamaların geri qaytarılması məsələsi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Bir çox vətəndaşlar aldıqları məhsulu geri göndərməkdə çətinliklərlə üzləşdiklərini bildirirlər. 

Məsələ ilə bağlı Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının əməkdaşı Rəşad Məmmədov Yenicag.az-a açıqlama verib.media-whatsapp-image-2025-12-02-at-11-31-42

Onun sözlərinə görə, bağlamaların geri qaytarılması prosesi Azərbaycan Respublikasının “Poçt haqqında” Qanunu və “Poçt rabitəsi xidmətləri göstərilməsi qaydaları” ilə tənzimlənir. Bu normativ sənədlərdə bağlamanın ölçüsündən başlayaraq sifariş şərtləri, məhsulun növü, həm ölkədaxili, həm də beynəlxalq poçt və kuryer şirkətləri ilə göndəriş qaydalarına qədər bir çox məqamlar əks olunub.

O bildirib ki, onlayn satış platformalarından alınan məhsullar üzrə istehlakçının geri qaytarma hüquqları təmin edilir. Əgər vətəndaşın əlində qəbz, kassa çeki və ya digər təsdiqedici sənədlər varsa, həmçinin məhsulun əmtəə görünüşü, etiketləri və orijinal qablaşdırılması pozulmayıbsa, həmin malı 14 gün ərzində geri qaytarmaq və ya dəyişdirmək mümkündür:

“Xaricdən gələn bağlamanın geri qaytarılması mümkündür. Lakin proses bir sıra amillərdən, xüsusilə bağlamanın logistika zəncirinin hansı mərhələsində olmasından və hansı poçt/kuryer şirkəti vasitəsilə daşınmasından asılıdır. Bağlama hələ ölkəyə daxil olmayıbsa, geri qaytarma daha rahat şəkildə həyata keçirilə bilər. Məhsul artıq Azərbaycana daxil olub və gömrük prosedurlarından keçibsə, şirkətdən-şirkətə fərqli qaydalar tətbiq oluna bilər. Bəzi kuryer şirkətləri geri qaytarma üçün əlavə xidmət haqqı tələb edə, bəziləri isə bu prosesi satıcı ilə birbaşa əlaqə əsasında həll edə bilər”.

Rəşad Məmmədov vətəndaşlara tövsiyə edir ki, sifariş verməzdən əvvəl mütləq şəkildə həm satıcının, həm də seçilən kuryer şirkətinin geri qaytarma şərtləri ilə tanış olsunlar.

Nəticə olaraq, xaricdən gələn bağlamaların geri qaytarılması hüquqi cəhətdən mümkündür, lakin prosesin çətin və çoxmərhələli olması səbəbindən vətəndaşların əvvəlcədən məlumatlı olması vacibdir.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa