Xarici universitetlərin problemli diplomları…
Bəzən mediadan və ya ətrafdakı insanlardan eşidirik ki, hansısa şəxs maddi durumunu yaxşılaşdırmaq üçün xaricə çalışmağa gedib. Lakin işbazların,yaxud insan alveri edənlərin toruna düşərək həyatı məhv olub. Təhsillə bağlı əcnəbi ölkələr gedən gənclərimizin də vətənə döndüyü zaman ciddi problemlərlə qarşılaşdığının şahidi oluruq. Aidiyyatı qurumlara da müraciət etdikdə tələbənin təhsil aldığı universitetlə Təhsil Nazirliyinin müqaviləsinin olmadığı əsas götürülür. Yəni, gəncin əldə etdiyi diplom ölkədə tanınmır.
Bu kimi problemlərlə bağlı Yenicag.az-a açıqlamasında “Advokat” Hüquq Şirkətinin direktoru Xanlar Xoca bunları söylədi:
“Bu gün xaricdə iş və təhsillə bağlı əlverişli şərtlərlə elanlar çox yayılır. Əvvəla hər elana aldanmaq olmaz. Çünki bu elanlara inanaların bir çoxu sonra insan alveri şəbəkələrinin qurbanı olurlar. Bəzən işlədiklərinin pulunu da ala bilmirlər, küçədə səfil həyatı sürməyə məcbur olur, geri qayıtmağa pul da tapmırlar. Təhsil almaq üçün xaricə gedənlər təhsilini bitirib geri qayıtdıqdan sonra iş tapa bilmirlər. Çünki onların “təhsil” aldığı müəssisələrin “diplomu” Azərbaycanda Təhsil Nazirliyi tərəfindən nostrifikasiya, yəni təsdiq olunmalıdır. Lakin həmin “təhsil müəssisələri” ilə Təhsil Nazirliyi arasında müqavilə bağlanmadığından bu sonda vətəndaşlara problem yaradır. Ona görə də yaxşı olar ki, xaricdə təhsil almağa gedən vətəndaşlarımız əvvəlcə Təhsil Nazirliyindən onun diplomunun ölkədə tanınıb-tanınmadığını dəqiqləşdirsələr yaxşı olar. Gürcüstanda, Ukraynada, Macarıstanda, Rusiyada, Türkiyədə elə “universitetlər” var ki, onlar heç tələbələrə təhsil də vermirlər, tələbə cümə günü Gürcüstana gedir, bazar ertəsi qayıdır, Amma həmin insanlar təhsilini bitirib qayıdanda diplomları tanınmayanda, iş tapmayanda narazılıq edəcəklər. Təhsil Nazirliyi də maarifçilik işləri aparmalıdır ki, insanlar aldanmasınlar”.