Xəstəxana yeni tibb şəhərciyində yerləşəcək
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Neftçalada həyata keçirilən yeni infrastruktur layihələri sırasında Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri mühüm yer tutur.
Ayrı-ayrı binalarda fəaliyyət göstərən xəstəxana yeni tibb şəhərciyində yerləşəcək. Səhiyyə müəssisəsinin ötən əsrin 70-ci illərində istifadəyə verilən binasında əsaslı təmir işləri aparılmadığından tibb xidmətinin müasir səviyyədə təşkilində çətinliklər yaranırdı. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına ötən il xəstəxana binasının əsaslı təmirinə başlanılıb.
Doqquz korpusdan ibarət tibb ocağında tikinti-quraşdırma işlərinin əksər hissəsi artıq görülüb. Xəstəxana şəhərciyi müasir tələblər əsasında tikilir. Ən müasir tibbi avadanlıqla təchiz olunacaq səhiyyə müəssisəsində kompleks şəkildə müayinə və müalicə üçün hər cür şərait yaradılacaq.
(azertag.com)