“Xəyanət”in “ŞORGÖZ MAHİRİ”: “Görəndə çox əsəbiləşirlər”
“Bu yaxınlarda mənə bir nəfər zəng etmişdi ki, nənəm sizə nifrət edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Xəyanət” serialındakı Mahir roluna görə nifrətlə qarşılaşan tanınmış aktyor İntiqam Soltan deyib.
Aktyor oynadığı obraza görə qazandığı nifrəti özü üçün tamaşaçı alqışı kimi dəyərləndirir:
“Heç vaxt öz çəkildiyim filmlərə baxmıram. Çünki düşünürəm ki, baxıb utanmaqdansa, baxmamaq daha yaxşıdır. Utanmaq o mənada ki, fikirləşirəm, bundan daha yaxşı oynaya bilərdim. Üç il idi ki, teatr fəaliyyətimlə bağlı film və seriallardan uzaq idim. ‘Xəyanət’ serialındakı Mahir obrazı mənim də tamaşaçılar qədər nifrət etdiyim bir personajdır. Onunla mənim xarakterim arasında yerlə göy qədər fərq var.
Sosial şəbəkələrdə yazılan rəylərin əksəriyyətində Mahirə qarşı aqressiya və nifrət var. Amma hər 20-30 rəyin birində yazırlar ki, aktyor rolunun öhdəsindən gözəl gəlib. Tamaşaçılar yazdıqları o mənfi rəylərə baxmayaraq, məni görəndə yaxınlaşıb şəkil çəkdirir, fikirlərini bölüşürlər. Soruşuram ki, ‘Sizi ekranda bu qədər əsəbiləşdirirəm, niyə mənimlə şəkil çəkdirmək istəyirsiniz?’. Deyirlər ki, ‘Yox, siz sadəcə öz obrazınızı yaradırsınız’.
Bu yaxınlarda mənə bir nəfər zəng etmişdi ki, ‘Nənəm sizə nifrət edir’. İstəmədim o qadın öz həyatını nifrətlə yaşasın. Ona anlatdım ki, bu, sadəcə roldur və mən işimin öhdəsindən məharətlə gəlməyə çalışmışam. Çox şadam ki, tamaşaçılar Mahir kimi insanlara nifrət edirlər. Qorxulu hal o zaman olardı ki, tamaşaçılar Mahirə haqq qazandırıb, onu sevərdilər. Çünki belə adamların mövcudluğu cəmiyyət üçün təhlükədir”.
Cəvahir












