"Xidmətə yararsız olmağa görə 22 min manat verdim" - Hərbi komissarın məhkəməsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Cinayət işində adı şahid kimi keçən Əhməd Əhmədov bildirib:
“Mən xaricdə magistratura təhsili alırdım. 2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Mən onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanların olduğunu desəm də, xeyri olmadı. Daha sonra tanışım Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq. Bir müddət sonra məni Sabunçudakı poliklinikaya dəvət etdilər, müayinələrdən keçdim. Sonra Qobuda səfərbərlik xidmətinin müayinələrindən keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olmağım barədə hərbi bilet verdilər”.
Növbəti şahid Araz Məmmədov isə ifadəsində deyib ki, səfərbərlik xidmətinin əməkdaşı ilə Yasamalda işlətdiyi kafedə tanış olub.
“Kafeyə səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov gəlirdi. Mənim də ofisiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Mən Rəhmandan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək etsin. O da dedi, danışaq. Bir neçə gün sonra gəldi ki, səkkiz min manat istəyirlər. Dedim ki, imkanları yoxdur. Bir müddət sonra altı min manat istədi. Biz də razılaşdıq. Pulu Bəhrama mən verdim”.
Araz Məmmədovun istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi elan olunub.
Növbəti proses oktyabrın 1-dək təxirə salınıb.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.