1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Xocalı soyqırımında şahidlərin ifadələri
Sənubər Ələkbərova: Biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Mən saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can verirdilər…
Canan Orucov: Mənim oğlumu güllələdilər. Onun 16 yaşı vardı. İki əkiz uşağı olan 23 yaşlı qızımı və 18 yaşlı, hamilə olan o biri qızımı girov götürdülər…
Səriyyə Talıbova: Bizi erməni qəbiristanlığına gətirdilər… Şəhərimizdə sığınacaq tapmış 4 cavan mesxeti türkünün, habelə 3 azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Sonra uşaqlara öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular…
Heydərov Camal Əbdülhüseyn oğlu – «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar».
Heydərov Şahin Zülfuqar oğlu – Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətəli oğlu – Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı – Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdük. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı – 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı – «Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər». Kərimova Səidə Qurban qızı – «12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər».
Nəcəfov Əli Ağami oğlu – «Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər».
***
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
***
2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
www.yenicag.az