Xüsusi hazırlıq keçmiş taksi sürücüləri test imtahanı verdilər

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 29-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirib.

DİM-dən Yenicag.az-a bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr mayın 30-u gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahan vermək üçün 1560 namizəd qeydiyyatdan keçib. Onlardan 1441-i imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 1162 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin təqdim edilməsi tarixi barədə əlavə məlumat veriləcək.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 30-da və iyunun 2-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600