Azərbaycanda anormal olan şeylərdən biri də avtobuslardır. Azərbaycan xalqını “sıx” və “xoşbəxt” şəkildə görmək istəyən hər kəs mütləq şəkildə yolunu avtobusdan salmalıdır. Nə hikmətdirsə, metrolar da eyni məsələdən öz nəsiblərini alıblar.
Nə başınızı ağrıdım, dünən qabağa düşmək istəyirdim. İşdən çıxıb, üz tutdum “Gəncliy”ə. Oradan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) bağlı olan “M-8” nömrəli marşrutla Maştağaya getmək fikrim vardı. Doğrudur, adətən “28 May”dan qatarla evə getsəm də, dünən sanki dəli bir şeytan məni azdırdı və bu yola əl atdım. Getməyimə də peşman oldum. Birincisi, Bakı yollarında olan tıxacın faciəvi olması bir anlıq beynimdən çıxdı. Hə, düz yarım saat ayaqüstü avtobusun gəlməsini gözlədim. Hətta “Mörfi qanunları”ndakı kimi bir siqaret də yandırdım ki, bəlkə siqaretdən bir-iki tüstü sümürəndən sonra uzaqdan avtobus gələ, amma fələk “sən saydığını say, mən gör nə sayıram” deyərək buna da mane oldu.
Birinci avtobus gələndən sonra siqaretimi tüstülədərək, insanların avtobusu necə minməsinə şahidlik etdim. Hə, çünki yeganə Azərbaycanda insanlar avtobusa minmək yerinə, avtobusu minirlər. Bu işdə “xüsusi təyinatlı” bəzi xala-bibilərdən isə heç danışmıram. Onlar belə AYNA-nın bu absurd və mənasız qanunlarına sanki ümumxalq etirazı şəklində qarşı çıxır, ən arxadan növbə gözləməyərək, qabaqdakını ayağının altına alaraq, əzib, içəri keçirlər.
Xalaların bu kiçikçaplı şousundan sonra “M-8” yola düşdü. Mən isə ikinci avtobusu gözlədim. İkinci “M-8” gələndə isə gözüm sağda və solda odda yanmaz, suda batmaz həmin xalaları süzsə də, şükür, belə bir halla qarşılaşmadım. Avtobusa minib ən arxa oturacaqda əyləşəndən sonra adətim üzrə, ətrafı süzməyə başladım. Marşrut hər dayanacağa yaxınlaşdıqca, avtobusda səs-küy yüksəlir, bəzən şoferlə, bəzən də digər sərnişinlərin bir-biriləri ilə mübahisələri düşürdü. Gərginləşən mühitdə, insanların sıxlıqdan etiraz etdiyi bir məqamda birdən kiminsə kondisionerin işləməməsi ağlına gəldi. Bu anda bütün oxlar sürücüyə yönəldi və sözün əsl mənasında, avtobusda həngamə qopdu.
Bu məsələdə sürücünü günahlandırmasam da, dədəsinin malı kimi dövlətin avtobusunun kondisionerini yandırmaması mənə heç cürə normal gəlmir. Qiymət artımında AYNA rəsmiləri və bəzi “nəqliyyat məsələləri üzrə mütəxəssislər” bunu xidmətlərin keyfiyyəti kimi təsnif etsə də, görünən odur ki, ortada nəinki keyfiyyətli, heç normal xidmət də yoxdur.
Ümumiyyətlə, Azərbaycanda avtobus-metro problemlərinin düzəlməyəcəyini hər kəs bilir. Ona görə də nəqliyyata AYNA kimi qurumun rəhbərlik etməsinin nəticəsi olaraq, bu gün belə hadisələr yaşanılır. Bəlkə də “xüsusi təyinatlı” bibilərimizin yer davası, cavanların başının üstündə durub yer istəməsi və avtobusda dədəsinin malı kimi kondisioneri yandırmayan sürücülərin bu tip mənasız təkəbbürləri elə AYNA-nın işinə yarayır? Bəlkə də bu sadaladığım şəxslər elə bir növ cəmiyyətimizin “AYNA”sıdır? Nə bilim…
www.yenicag.az