“Yanan Kreml” corabları Rusiya elitasını BİR-BİRİNƏ QATDI
Çexiyanın Ukraynanın bərpası məsələləri üzrə hökumət nümayəndəsi Tomaş Kopeçnı Ukrayna Prezidenti Volodimir Zelenski ilə Praqada keçirilən görüşə üzərində yanan Kreml təsviri olan corablarla qatılması Rusiyada sərt reaksiyaya səbəb olub.
Yenicag.az yerli “TN.cz” portalına istinadla xəbər verir ki, görüş zamanı Tomaş Kopeçnının geyindiyi corablar Rusiya rəsmilərinin və KİV-lərinin kəskin tənqidinə tuş gəlib. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov məsələyə emosional reaksiya verib:
“Bu gün corab geyinir, sabah bəlkə ortopedik cihaz taxar. Biz niyə bu məxluqlara həyatımız onlardan asılıymış kimi baxırıq? Bunlar xəstə adamlardır, psixiatra getməlidirlər”, – deyə Klimov bildirib.
Kopeçnı isə rusların reaksiyasını riyakarlıq kimi qiymətləndirib:
“Ruslar artıq dörd ildir ki, Ukrayna şəhərlərini raketlərlə vurur, günahsız insanları öldürür. Bu onlara mane olmur. Amma bir cüt corab – hansı ki, ukraynalıların şəhərlərində baş verənlərə bənzər şəkildə simvolik bir təsvir təqdim edir – bu, onları hiddətləndirir. İstərdim ki, başqalarının şəhərlərində törətdikləri dəhşətlərə qarşı da bu qədər həssaslıq göstərsinlər”, – deyə o, açıqlamasında bildirib.
Qeyd edək ki, bu, Rusiya rəsmilərinin xoşlarına gəlməyən çexlərlə bağlı ilk sərt açıqlamaları deyil. Aprel ayında Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev keçmiş xokkey əfsanəsi Dominik Haşekə qarşı təhdid xarakterli açıqlama verərək onun aradan götürülə biləcəyi barədə eyham vurmuşdu.