Yaponiya şərqə doğru sürüşüb - Alimlərdən ŞOK ARAŞDIRMA
ABŞ və Fransadan olan seysmoloqlar müəyyən ediblər ki, 2011-ci ilin martında baş verən güclü zəlzələnin yaratdığı dalğaların Yer nüvəsinə çatması, oradan əks olunması və Yaponiya altında yerləşən litosfer tavalarını hərəkətə gətirməsi nəticəsində bütün Yaponiya şərqə doğru təxminən 5-6 millimetr sürüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Science” elmi jurnalında dərc olunan tədqiqatda bildirilib.
“Biz aşkar etdik ki, bir neçə tektonik tavanın qəfil sürüşməsi nəticəsində faktiki olaraq bütün Yaponiya 2011-ci ilin martında Honşu adası sahillərində baş verən güclü zəlzələdən sonra qeyri-adi şəkildə yerini dəyişib. Tavaların hərəkətə keçməsində tətikləyici mexanizm rolunu sözügedən zəlzələnin törətdiyi, Yer nüvəsindən əks olunaraq yenidən səthə qayıdan seysmik dalğa oynayıb”, – deyə tədqiqatçılar qeyd edirlər.
Amerikalı və fransalı seysmoloqlardan ibarət qrup bu qənaətə 2011-ci ilin martındakı güclü zəlzələ zamanı Yaponiyanın minlərlə seysmik stansiyası və çoxsaylı yüksək dəqiqlikli GPS vericiləri tərəfindən toplanmış məlumatları araşdırarkən gəlib. Bu analiz seysmoloqların keçmişdə rastlaşmadıqları unikal hadisəni üzə çıxarıb.
Xüsusilə peyk məlumatlarının analizi göstərib ki, zəlzələnin əsas təkanından təxminən 13 dəqiqə sonra bir neçə tektonik tavanın qəfil hərəkəti nəticəsində bütöv Yaponiya şərqə doğru təxminən 5-6 millimetr sürüşüb. Eyni zamanda, seysmik stansiyalar qərbdən şərqə doğru hərəkət edən çox qeyri-adi bir sürüşmə dalğası qeydə alıblar.
Qeyd edək ki, 11 mart 2011-ci ildə Yaponiyanın şimal-şərqindəki Miyanqi prefekturasının sahillərində ölkə tarixində 9 maqnitudalı ən güclü zəlzələ baş vermiş, ardınca nəhəng sunami dalğası gəlmişdi. Təbii fəlakət nəticəsində 15 893 nəfər həyatını itirib, 2 550-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur. Fəlakət həmçinin “Fukuşima-1” AES-də qəzaya səbəb olub.













