Yaxın Şərqdə DÜYMƏYƏ BASILDI: “Türkiyə və İsrail Suriya məsələsində qarşı-qarşıya gəlir”

media-hightechnic-468x90

“Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra qurulan müvəqqəti Əhməd əş-Şaraa hökuməti Suriyanın ərazi bütövlüyünü qorumaq və orada daimi, konstitusiya əsaslı bir sistemin qurulmasını təmin etmək üçün bütün gücünü ortaya qoyur”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Həsən Oktay deyib.

Analitik son günlər Suriyada cərəyan hadisələr fonunda İsrailin həyata keçirdiyi hərbi fəaliyyətləri, habelə Türkiyənin bölgədəki siyasi gücünü şərh edib.

H. Oktay hesab edir ki, son günlərdə Latakiyanın mərkəzində keçmiş Əsəd qüvvələrinin kiçikmiqyaslı üsyan cəhdindən sonra Suriya hökuməti daha ehtiyatlı davranaraq, əvvəlki dövrlərdə mübarizə aparmış bütün qrupları əhatə edəcək yeni bir baxış bucağı formalaşdırmağa çalışır:

“Digər tərəfdən, İsrailin Suriyada əldə etdiyi torpaqlar və Mahir Əsədə bağlı qrupların mümkün qədər müstəqil hərəkət etdirmək cəhdləri qarşısında Türkiyə ciddi reaksiya göstərir. Bu çərçivədə Druzlar adlandırılan bir qrupun mərkəzi hökumətə qarşı İsrail adına silahlı mübarizə aparmağa başladıqları iddia edilir. Bu isə İsrailin Türkiyəyə birbaşa açıq şəkildə qarşı dura bilmədiyi üçün Druzlar vasitəsilə mesaj verməyə çalışdığı kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, Türkiyə Suriyanın ərazi bütövlüyünü əvvəlkindən daha qəti şəkildə müdafiə edir:

“Çünki 911 kilometrlik sərhədi nəzərə alaraq, Suriyada davam edən xaosun Türkiyəyə mənfi təsirləri ola bilər. Buna görə də Suriyada konstitusiya əsaslı bir sistemin qurulması Türkiyə üçün son dərəcə vacibdir.

Digər tərəfdən, İsrail öz təhlükəsizliyi baxımından Suriyada sabit və daimi bir hökumət qurulmasındansa, nəzarətində olan qrupların varlığını qoruyub saxlamasını daha üstün tutur. Türkiyə ilə İsrail bu əsas məsələ ilə bağlı razılığa gələ bilmədiyindən, Suriya məsələsində ciddi şəkildə qarşı-qarşıya gəlirlər. Dürzilərin bu hərəkəti müəyyən müddət ərzində yatırıldıqda belə, Suriya hökumətinin bu qruplara qarşı tutacağı mövqe və ya bu prosesin davam etməsi mərkəzi hökumət ilə silahlı qruplar arasında böyük bir qarşıdurmaya səbəb ola bilər”.

“İranın İsrailə qarşı bölgədə yaratdığı müvəkkil təşkilatlar kimi, İsrail də Türkiyə, İran və mərkəzi Suriya hökumətinə qarşı Suriya ərazisində belə qruplar formalaşdıra və ya hökumətlə anlaşa bilməyən silahlı qrupları dəstəkləmək strategiyasına üstünlük verə bilər. Türkiyə bu prosesləri diqqətlə izləyir və ilk növbədə Suriyanın ərazi bütövlüyünün qorunması, təhlükəsizliyinin təmin edilməsi və konstitusiya əsaslı bir sistemin qurulması üçün mübarizəsini qətiyyətlə davam etdirir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600