Yaxın Şərqdə QAN DAYANMIR – Suriyada gözlənilən MÜMKÜN PARÇALANMA

media-hightechnic-468x90

“Suriyada son zamanlar baş verən hadisələr göstərir ki, bu ölkədə tam sakitlik və sabitlikdən danışmaq hələ uzun müddət tezdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi Suriyada baş verən hadisələr, eləcə də “Heyət Təhrir əş-Şam” qruplaşması ilə druz milislər arasında davam edən silahlı münaqişənin pərdəarxası motivlərini izah edib.

Onun sözlərinə görə, mərkəzi hökumətlə druzlar və ələvilər arasında toqquşmalar Suriya münaqişəsinin yeni mərhələyə daxil olduğunu göstərir:

“Müxtəlif yerli və xarici qüvvələrin maraqlarının toqquşduğu bu ölkədə geosiyasi dinamika bir daha təsdiqləyir ki, Suriya regional və beynəlxalq güclərin təsir dairələrinə bölünməkdədir. Türk mediasının verdiyi məlumata görə, Türkiyənin Palmira şəhərində hərbi baza yaratmaq planı var. Palmira strateji əhəmiyyətə malikdir, çünki Suriya daxilindəki əsas ticarət yollarından birində yerləşir, tarixi və mədəni baxımdan simvolik dəyəri var və hərbi-strateji baxımdan mərkəzi Suriya üzərində nəzarəti gücləndirmək imkanı yaradır”.

Analitik hesab edir ki, Türkiyənin bu bölgədə hərbi varlığını gücləndirməsi, xüsusilə İsraili narahat edir:

“İsrail Suriyada güclənən istənilən qüvvəni öz milli təhlükəsizliyinə təhdid kimi görür. Əgər Türkiyə Palmira və ətrafında hərbi baza qurarsa, bu, İsrailin regional strategiyalarına ciddi təsir edə bilər. Amerika Türkiyənin Suriyada hərbi mövcudluğuna ona görə razıdır ki, Türkiyədə hakimiyyətdə ilıq islamçılardır. Məhz onların bölgədə varlığı Amerika üçün təhdid ola biləcək İŞİD və digər radikal hesab etdiyi qüvvələrin məhz gələcəkdə Türkiyənin əli ilə zərərsizləşdirilməsi üçündür. Lakin burada maraqlı bir məqam var: həm Türkiyə, həm də İsrail ABŞ üçün strateji müttəfiqlərdir. ABŞ Yaxın Şərqdə və xüsusilə Suriyada köhnə siyasətini yeniləyərək yeni bir balans formalaşdırmağa çalışır. Bunun əsas məqsədi Türkiyənin regiondakı nüfuzundan istifadə edərək yerli oyunçularla daha yaxşı işləmək, İsrailin təhlükəsizliyini qorumaq və onun strateji maraqlarına zərər verməmək, Suriya daxilində sabit, lakin idarə olunan bir status-kvo yaratmaqdır”.

Həmsöhbətimizin fikrincə, bu status-kvo ondan ibarət ola bilər ki, Suriyanın şimalı və qərb hissəsi Türkiyənin nəzarət dairəsində olacaq:

“Türkiyə burada öz təsirini artıraraq, həm hərbi, həm də iqtisadi mövcudluğunu gücləndirəcək. Cənub hissəsi İsrailin nəzarətində qalacaq. İsrail Dəməşq yaxınlığındakı regionlar da daxil olmaqla, öz təhlükəsizliyini təmin etmək üçün bölgədə təsirini artırmağa çalışacaq. ABŞ isə bu balansı qorumaqla həm Türkiyə ilə, həm də İsraillə münasibətlərini saxlamaq istəyir. Bu iki güc arasında tarazlıq yaratmaq Vaşinqtonun bölgədə uzunmüddətli mövcudluğu üçün kritik əhəmiyyət daşıyır. Ələvilər tarixi olaraq İranın dəstəyindən faydalanıblar və İran Əsəd rejiminin ən əsas dayaq nöqtələrindən biri olub. Lakin son hadisələr göstərdi ki, artıq İranın ələvilər üzərində təsiri əvvəlki qədər güclü deyil. Bunun bir neçə səbəbi var. Əsəd hakimiyyəti artıq mövcud deyil”.

Mütəxəssis xatırladıb ki, ələvilər İranın dəstəyi ilə yanaşı, İsrail və Rusiyanın təsirinə daha çox açıqdırlar:

“Bu həm hərbi, həm də siyasi reallıqdır. İranın regionda artan təcridi və maliyyə resurslarının zəifləməsi onu ələvilərə daha az dəstək verməyə məcbur edir. İran hələ də Suriyada güclü mövqeyə malikdir, lakin artıq ən əsas oyunçu deyil. Bu da onu göstərir ki, Suriyadakı gələcək geosiyasi balansda İranın təsiri əvvəlkindən daha məhdud olacaq. Druzlar hər zaman Yaxın Şərqdə xüsusi mövqeyə sahib olan bir qrup olublar. Onlar müxtəlif dövlətlərlə əlaqələr saxlayaraq siyasi və hərbi manevr qabiliyyətlərini qoruyurlar. Druzlar arasında İsrail ordusunda xidmət edənlər də az deyil. Bu da onu göstərir ki, İsrail druzları öz maraqları üçün istifadə etməyə davam edəcək. Druzların müxtəlif güclər arasında manevr etməsi onların həm Suriyada, həm də Livanda təsirini artırır. Onlar müxtəlif vaxtlarda İran, Suriya rejimi və İsrail arasında balans saxlamış, ancaq son illərdə İsrailə daha çox yaxınlaşmışlar”.

A. Hüseynovun qənaətinə görə, bütün bu proseslər bizə onu göstərir ki, Suriyada artıq milli bir dövlət qurmaq çətin olacaq:

“Ölkə müxtəlif beynəlxalq və regional güclərin təsir dairələrinə bölünür. Bu da deməyə əsas verir ki, ABŞ yeni hakimiyyəti ilə birgə Suriyada öz maraqları olan qüvvələrlə masa arxasında oturaraq razılaşmalar əldə etməyə çalışır. Kiminlə masaya əyləşirsə, həmin güc Suriyada təsir dairəsinə malik olacaq. Kiminlə heç danışmaq istəmirsə, həmin qüvvənin gələcəkdə Suriyada mövcudluğu zəif olacaq. İran isə hələ ki bu masada yoxdur – təbii ki, şərtlər dəyişməsə… Aydın olur ki, ABŞ, Türkiyə və İsrail arasında yeni bir balans yaranır. İranın təsiri əvvəlki qədər güclü deyil, yeni güc mərkəzləri formalaşır. Ələvilər və druzlar fərqli güclərin təsiri altına keçiblər. Suriyada tam bir milli dövlət qurmaqdan daha çox, təsir dairələri formalaşır. Bu reallıq onu göstərir ki, Suriyada hələ uzun müddət tam sabitlikdən danışmaq mümkün olmayacaq. Qısa müddətdə isə daha çox regional və beynəlxalq güclərin bir-biri ilə balans yaratmaq cəhdlərinin şahidi olacağıq”.

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600