Din pərdəsi altında dövlətə qarşı gizli müharibə: Azərbaycanda müasir xəvaric şəbəkəsi necə qurulur?

media-hightechnic-468x90

Müasir xəvariclər keçmiş xəvariclərin fikrini və metodunu daşıyan, lakin bu gün onu yeni üslub və fərqli adlar altında təqdim edən qrup və şəxslərdir. Onlar bunu açıq şəkildə deməsələr də, yanaşmaları eynidir: dində ifratçılıq, dini mətnləri yanlış anlama və haqqın yalnız özlərində olduğunu iddia etmək. Dövlətçilik anlayışının rədd edilməsi, hakimiyyətə qarşı nifrətin dini dillə əsaslandırılması, gəncləri dövlət və dövlət rəhbəri əleyhinə din adı altında qızışdırma və üsyana təşviq və sairə…

Niyə onlara “hizbçi” (partiyaçılıq edənlər) deyilir? İslam dünyasının bir çox ölkəsində onlara müasir xəvariclər və ya hizbçilər deyilməsinin səbəbi budur ki:

  • Camaata bağlılığı ümmətin birliyindən üstün tuturlar.

  • Dostluq və düşmənçiliyi şəriətin ölçüsünə görə yox, öz maraqlarına görə qururlar.

  • Tabe olanları elmə və haqqa yox, öz camaatına kor-koranə itaətə alışdırırlar.

Onlarla ilk xəvariclər arasındakı fərq nədir? İlk xəvariclər:

  • Silahla açıq şəkildə çıxış edirdilər.

  • Ölkə rəhbərlərini açıq-aşkar təkfir edirdilər.

  • Aşkar üsyan edirdilər.

Müasir xəvariclər isə:

  • Əvvəlcə silaha əl atmırlar.

  • Adətən təkfiri açıq demirlər. Amma ona zəmin hazırlayırlar, belə ki:

  • Dövlət başçısının obrazını daim gözdən salırlar.

  • Din adı altında insanların qəlbində dövlət başçısına qarşı nifrət və etimadsızlıq yaradırlar.

  • Gəncləri psixoloji və fikri cəhətdən qızışdırırlar.

Onların əsl təhlükəsi Təhlükə təkcə sözlərində deyil, nəticələrindədir: • Cəmiyyətin parçalanması. • Fitnə və toqquşmaların açılması. • Sonradan təkfir və zorakılığa zəmin hazırlanması. • Dövlətin nüfuzunun zəifləməsi və xaosun yayılması.

Müasir xəvariclər daha təhlükəlidir.

Çünki onlar gəncləri din adı altında dövlətə və dövlət başçısına qarşı nifrət ruhunda yetişdirirlər. Açıq üsyan etməsələr də, qəlblərdə kin, etimadsızlıq və qarşıdurma toxumu səpirlər. Beləliklə, cəmiyyəti içəridən parçalayır, fitnəyə zəmin hazırlayırlar.

Müasir xəvariclər bir çox münaqişə və dövlət əleyhinə üsyanlarda alət kimi istifadə olunublar. Onların bu istiqamətdə ilk ciddi nümunələrindən biri 1990-cı illərin əvvəllərində Əlcəzairdə baş verdi. 1993-cü ildən etibarən, hakimiyyəti legitim yolla ələ keçirə bilmədikləri üçün silahlı mübarizə yolunu seçdilər və nəticədə silahlı qruplaşmalar formalaşdırıldı. Bu proses ölkəni uzun illər davam edən qanlı qarşıdurmalara sürüklədi.

“Ərəb baharı” zamanı müasir xəvariclərdən üsyanlarda fəal şəkildə istifadə olunub. Hakimiyyəti devirə bilmədikləri ölkələrdə isə açıq şəkildə silahlı mübarizəyə qoşuldular və bunu “cihad” adı altında əsaslandırdılar. Beləliklə, məqsədlərinə çata bilmədikdə, zorakılığı alternativ yol kimi seçdilər və gəncləri bu ad altında münaqişə bölgələrinə cəlb etdilər.

Bəzi insanlar “müasir xəvariclər” deyəndə ölkəmizdə Əlixan Musayev və Gürcüstan vətəndaşı Veysəl Orucovun adını çəkirlər. Onların fikrincə, bu şəxslərin çıxışları və ətraflarında yaranan çağırışlar Suriya hadisələri ilə bağlı “cihad” adı altında səsləndirilən fikirlərlə əlaqəlidir. Yəni deyilənə görə, dini anlayışlar siyasi və silahlı münaqişələrlə qarışdırılaraq təqdim olunur və bu da cəmiyyətdə narahatlıq yaradır.

Amma ölkəmizdə daha gizli fəaliyyət göstərən, Əlixan Musayev və Veysəl Orucov qədər təhlükəli və gözdən uzaq qalan bir qrup da var. Həmin qrupun geniş maliyyə imkanları var və imkanlı dindarlardan zəkat və sədəqə adı ilə vəsait toplayırlar.

Bu qrup Azərbaycanda azyaşlı uşaqları dövlət əleyhinə nifrət ruhunda yetişdirə bilmədiyi üçün fəaliyyətini xarici ölkələrdə də qurmağa çalışır. Deyilənlərə görə, bu məqsədlə xarici ölkələrdə qanunsuz mədrəsələr yaradır, ölkədən qanunsuz yollarla külli miqdarda maliyyə vəsaiti çıxarırlar.

Həmçinin bildirilir ki, bu qrup nüfuz edə bildikləri ailələrin azyaşlı uşaqlarını orta məktəb təhsilindən yayındırır, onları rəsmi təhsildən uzaqlaşdıraraq qapalı dini mühitlərə, xarici ölkələrdə açdıqları mədrəsələrə cəlb edirlər. Nəticədə uşaqlar bunu əsl dini yol kimi qəbul etməyə başlayır və bu, onların gələcəyi üçün ciddi təhlükə yaradır.

Bildirilir ki, bu qrup bir müddət Sudanda külli miqdarda maliyyə hesabına mədrəsə açıb. İddialara görə, ölkəmizdən bəzi azyaşlı uşaqları orta məktəbdən yayındıraraq Sudana aparıblar. Sudanda inqilab və silahlı qarşıdurmalar baş verəndə, 30-dan çox azyaşlı azərbaycanlı uşaq bombaların altında qalmışdı. Yalnız son anda görülən tədbirlər nəticəsində uşaqlar Türk Hava Yolları vasitəsilə Azərbaycana qaytarıldı; əks halda onların həyatını itirməsi real təhlükə idi.

Təkcə Sudanda deyil, bir sıra ərəb ölkələrində fəaliyyəti qadağan olan qrupun mədrəsə açmaları və ölkədən qanunsuz yollarla maliyyə çıxarmaları bu günə qədər cəzasız qalıb ki, bu da cəmiyyətdə haqlı narahatlıq doğurur.

Bu qrupun lideri və onun ətrafında maliyyə toplayanların isimləri bəlli olsa da, təəssüf ki, vaxtında məsuliyyətə cəlb olunmadığı üçün daha da cəsarətləniblər. Onların Sudandan sonra Mədinə şəhərində qanunsuz mədrəsə açdıqları, təxminən bir il sonra isə həmin mədrəsənin Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları tərəfindən bağlandığı bildirilir.

Dini mədrəsə bağlandıqdan sonra, deyilir ki, bu dəfə fəaliyyət ərəb dili öyrənilməsi adı altında davam etdirilir. İddialara görə, azyaşlı uşaqlar orta məktəb təhsilindən yayındırılır və Mədinəyə aparılır. Bu fəaliyyət “Nur Qələm” adlı ərəb dili öyrənmə mərkəzi adı ilə həyata keçirilir.

Deyilənlərə görə, bu qrup hazırda Suriyada dini mədrəsə açmaq üçün maliyyə toplamağa başlayıblar. Bu prosesdə həmin qrupa bəzi radikal və cihadçı mövqeli ərəb şeyxlərinin dəstək verdiyi bildirilir. Qeyd olunur ki, bu cür dəstək və maliyyələşmə dini təhsil adı altında aparılsa da, əslində uşaqların təhlükəsizliyi, regionun sabitliyi və cəmiyyətin gələcəyi baxımından ciddi narahatlıq doğurur.

Deyilənlərə görə, bu qrup başqa istiqamətdə də çalışır. Mərakeşdən evlilik məqsədi ilə qızları Azərbaycana gətirməyə başlayıb. İddialara əsasən, öz çevrələrinə bağlı olan bəzi gənclər ikinci həyat yoldaşı kimi evləndirilir. Bu yanaşma belə əsaslandırılır ki, doğulacaq uşaqlar ərəb analar tərəfindən böyüdüləcək, ərəb dilini biləcək və ərəb mühitində tərbiyə olunacaq. Nəticədə deyilir ki, bir sıra dindar azərbaycanlı gənclər birinci həyat yoldaşlarından boşanmağa məcbur qalır, boşana bilməyənlər isə ikinci evlilik yoluna gedir və Mərakeşli qızlarla evləndirilir. Bu cür iddialar ailə institutuna, uşaqların gələcəyinə və cəmiyyətin sosial tarazlığına dair ciddi narahatlıq yaradır.

Ölkəmizə gətirilən həmin qızların hansı dini baxışlara və hansı ideoloji yönə aid olduqları məlum deyil. Onların dindar olduqları deyilsə də, hansı düşüncə və xətti təmsil etdikləri aydın deyil. Bu qeyri-müəyyənlik isə həm ailələr, həm də cəmiyyət üçün ciddi suallar və narahatlıq yaradır.

Deyilənlərə görə, bu qrup dindarlardan topladıqları maliyyə hesabına bölgələrdən imkanı olmayan gəncləri hər Ramazan ümrəyə aparır. İddialara əsasən, həmin səfərlər zamanı gənclərə tək tərəfli təsir göstərilir, onların düşüncələri yönləndirilir. Bildirilir ki, bu məqsədlə hər il yarım milyon manatdan çox vəsait xərclənir.

Eyni zamanda deyilir ki, bu qrup artıq rayonlarda öz nümayəndələrini seçir, şəbəkəsini genişləndirir və sanki “dövlət içində dövlət” kimi ayrıca bir struktur qurmağa çalışır. Bu isə cəmiyyətdə ciddi narahatlıq və suallar doğurur. Deyilənlərə görə, bu qrupun dövlət strukturları daxilində də özlərinə bağlı gəncləri var. Onlar əvvəlcə bu gəncləri öz təsirləri altına salır, sonra isə öz maraqları üçün istifadə edirlər. Bu cür fəaliyyət dövlətə sədaqət, şəffaflıq və ictimai təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Bildirilir ki, bu qrupun lideri də xaricdə dini təhsil alıb. Eyni zamanda bildirilir ki, bu qrupun fəaliyyəti əleyhinə danışan ilahiyyatçılar dərhal məhkəməyə verilir. İddialara əsasən, məhkəmələrdə iftira və təzyiq yolu ilə özlərini haqlı göstərməyə, tənqidçiləri isə susdurmağa çalışırlar.

Ölkəmizdə radikal baxışlara malik, din adı altında dövlət başçısını gözdən salmağa çalışan, dindar insanlar arasında rəhbərə qarşı nifrət hissi aşılayan bir qrup vardır. Bildirilir ki, bu qrup getdikcə güclənir, şəbəkəsini genişləndirir və bəzi dövlət dairələrində də dəstək tapır. Bu vəziyyət cəmiyyətin birliyi, dövlətçilik və sabitlik baxımından ciddi narahatlıq doğurur.

Qısacası, din adı altında dövlətçiliyə və dövlət başçısına qarşı nifrət hissi ilə yetişdirilən bir kütlə formalaşdırılır. Yəni bu yanaşma İslam etiqadı kimi təqdim olunur. Gənclərə elə təlqin edilir ki, sanki bu mövqe İslam inancının ayrılmaz bir hissəsidir.

Bu, çox təhlükəli bir prosesdir. Unutmayaq ki, nə qədər güclü olsalar da, SSRİ də, Amerika da Əfqanıstanda Talibanın etiqad üzərində qurulmuş düşüncəsi qarşısında məğlub oldu. Bu da göstərir ki, dövlətçiliyə və dövlət başçısına qarşı din adı altında nifrət üzərində gənclər yetişdirildikdə, bu yanaşma etiqad səviyyəsinə qaldırıldıqda, onun doğurduğu nəticələr son dərəcə ağır və təhlükəli ola bilər  təkcə bir ölkə üçün yox, bütün region üçün.

“Yeni Çağ” Təhlil Qrupu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa