Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olunub - FOTO/YENİLƏNDİ
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.
Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını istəyib. Mutvalı həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.
***
Yekaterinburqda iyulun 15-də saxlanılan Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Mutvalı Şıxlinskiyə qarşı ittiham irəli sürülüb.
İş materiallarında zərərçəkmişin ifadələri olduğundan və onun kimliyi məxfi saxlanıldığından müstəntiq məhkəmənin qapalı keçirilməsini istəyib.
Məhkəmə müstəntiqin vəsatətini təmin edib.
Jurnalistlər məhkəmə zalından çıxarılıb.
***
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.
APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, bu gün Yekaterinburqun Leninski Rayon Məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə) təqsirləndirilən Mutvalı Şıxlinski barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxacaq.