Yeni avtobuslar bəyənilməyib
Nəqliyyat Nazirliyi isə həmin avtobuslarda gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edəcək
Gələn il paytaxtda keçiriləcək «Bakı-2015» I Avropa Oyunları ilə əlaqədar Bakıya Türkiyədə istehsal olunan «İsuzu» markalı 50 avtobusun gətirilməsi və onlardan 25-nin dekabrın 24-dən etibarən 9-cu mikrorayondan «Azneft» meydanı istiqamətindəki 65 nömrəli marşrut xətti üzrə reysə buraxılması barədə qəzetimizdə məlumat vermişdik.
Bəzi sərnişinlər artıq sragagündən reysə buraxılan «İsuzu» markalı avtobusları bəyənmədiklərini bəyan etməkdədirlər. İqisadçı-ekspert Samir Aliyev özünün facebook səhifəsində yazıb ki, srağagün ilk dəfə marşruta buraxılan avtobusun xidmətindən istifadə edib. Artıq 65 saylı marşrutlar yeni avtobuslarla xidmət göstərir: «Yenidir, rahatdır, komfortludur. Sözüm yoxdur. Ancaq sərnişinlərin daşınması baxımından Bakı şəhəri üçün belə avtobuslar əlverişli deyil. Çünki əvvəlki avtobuslarla müqayisədə tutumu azdır. Təsəvvür edin ki, oturacaqlar arasında, yəni salonda 1 nəfər zorla dayanır. Halbuki əvvəlki avtobuslarda 2 nəfər rahatca dayana bilirdi. Bakı üçün oturacaqlarının sayı az, ayaqüstə dayanmaq üçün geniş yeri olan avtobuslar daha münasibdirlər. Xüsusilə də pik vaxtı bu problem özünü qabarıq göstərir. Bu, həm də plan vermək baxımından sürücülər üçün əlverişli deyil».
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov jurnalistlərə bildirmişdi ki, sözügedən ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompüter sistemi quraşdırılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir.
Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb. Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir.
Rəis müavini Əmrah Cəfərov jurnalistlərə bildirib ki, ölkəmizə gətirilən 50 avtobusdan yerdə qalan 25 ədədnin avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacağı gözlənilir. Bundan əlavə, Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacaq. Onun dediyinə görə, bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir: «Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq».
Xatırladaq ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub. «İsuzu»ların qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.
(hafta.az)