Yeni dövrün ən böyük TƏHDİDİ: "Süni intellektin yaratdığı əsas təhlükə..."
“Süni intellektin sürətli inkişafı növbəti illərdə insan təhlükəsizliyi və məlumatların qorunması baxımından bir sıra real və ciddi təhdidlər yaradacaq. Bu təhdidlərin əsası süni intellektin miqyaslı, sürətli və inandırıcı hücumlar yaratmaq qabiliyyətindən qaynaqlanır”.
Bu fikirləri Yenicag.az–a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov səsləndirib.
O, süni intellektin insan təhlükəsizliyi üçün yeni dövrün ən böyük təhdidinə çevrildiyini bildirib:
“Təhlükəsizlik sahəsində ən böyük risk süni intellekt tərəfindən idarə olunan avtomatlaşdırılmış sosial mühəndislik (“phishing”) və dərin saxta (“deepfake”) məzmunun yaradılmasıdır. Süni intellekt modelləri fərdi məlumatlar əsasında yüksək səviyyədə fərdiləşdirilmiş və inandırıcı fişinq cəhdləri, o cümlədən real səslərin və videoların təqlidi vasitəsilə maliyyə fırıldaqçılıqlarını daha da effektiv edəcək. Həmçinin süni intellekt alətləri mövcud proqram təminatlarında və infrastrukturda olan zəiflikləri insan təhlilçisindən dəfələrlə sürətli şəkildə aşkar edərək kiberhücumların tempini kəskin artıracaq”.
Ekspertin sözlərinə görə, məlumatların qorunması baxımından isə süni intellektin yaratdığı əsas təhlükə modellərin öyrədilməsi üçün istifadə edilən iri həcmli data setləri daxilində şəxsi və məxfi məlumatların sızması ehtimalının yüksək olmasıdır:
“Bundan əlavə, süni intellekt sistemləri tərəfindən anonimləşdirilmiş (“depersonalized”) data setlərinin belə digər məlumat növləri ilə çarpaz müqayisə edilərək şəxslərin qısa müddətdə identifikasiya edilməsi qabiliyyəti artacaq. Bu, mövcud məlumatların qorunması mexanizmlərini səmərəsiz edə bilər və istehlakçıların məxfiliyini qorumaq üçün yeni hüquqi və texnoloji çərçivələrin qəbulunu zəruri edir. Yekun olaraq, növbəti illərdə süni intellektin əsas təhdidi müdafiə tərəfinin hücumların sürətinə və mürəkkəbliyinə uyğunlaşa bilməməsindən ibarət olacaq”
Sona Əliyeva












