“Azərbaycan böyük siyasi addımlar ataraq geo-siyasi arenada güclü ölkəyə çevrilə bilib”.
Bunu Yenicag.az-a açıqlamasında yeni dünya düzənində Azərbaycanın siyasətini qiymətləndirən Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, bu gün dünya düzəni özünün ən çətin dövrünü yaşayır.
“Bəzi ölkələr dünya güclərinin apardığı nüfuz uğrunda mübarizənin qurbanına çevrilir. Nəticə olaraq, dünya iqtisadi əməkdaşlıq imkanlarında məhdudiyyətlər meydana gəlib. Bu isə ölkələrin yeni imkanların əldə olunması üçün çalışmasına rəvac verir. Yəni dünya bu gün ədalətsiz qlobal məkana çevrilib.
Ədalətsiz qlobal məkanda Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas götürərək ərazi bütövlüyünü bərpa etdi. Hazırda işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri aparılır. Dədə-baba yurdlarından köçkün düşənlər isə öz evlərinə qaytarılır.
Təbii ki, qələbəmizi həzm edə bilməyən və uğurlarımıza məyus olan ölkələr də var. Bu ölkələr vaxtaşırı Azərbaycana təzyiq göstərməyə çalışırlar. Buna baxmayaraq, Azərbaycan böyük siyasi addımlar ataraq geo-siyasi arenada güclü ölkəyə çevrilə bilib. Bu gün Azərbaycan xarici təzyiqləri uğurla dəf edir. Dünyada sülh və əmin-amanlığın daimi olması üçün Azərbaycan hər zaman əməkdaşlığa hazırdır.
Belə ki, ölkəmiz ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı çıxış edib. O cümlədən, XXI əsrdə neokolonizm siyasətinin davam etdirilməsinin qəbul olunmazlığını açıq şəkildə bildiririk. Qlobal əhəmiyyətli məsələlərin həll olunmasına töhfə veririk. Həmçinin yaxın gələcəkdə BMT-nin iqlim dəyişikliklərlə bağlı COP29 beynəlxalq forumun keçirilməsinə ciddi hazırlaşırıq. Bu baxımdan Azərbaycan qlobal problemlərin həll olunması və təhlükəsiz dünyanın qurulması naminə töhfələr verməkdə davam edir”, – deyə deputat bildirib.
O, qeyd edib ki, Azərbaycanın coğrafi baxımından Asiya ilə Avropanın kəsişməsində yerləşməsi ölkəmizə yeni imkanlar qazandırıb:
“Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ərsəyə gətirilən Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri və tarixi İpək Yolunun davamı olan Orta dəhlizi ərsəyə gətirməyimiz ölkəmizin əhəmiyyətini artırır.
Ümumiyyətlə, bu gün Azərbaycan yeni dünya nizamının qurulmasında verdiyi müsbət töhfələri ilə fərqlənir. Dünyada sülhün və əməkdaşlığın genişlənməsini daim dəstəkləyirik. Eyni zamanda, dünyada ədalətsilziliklərin, beynəlxalq hüququn tələblərinin pozulmasına açıq şəkildə mövqeyimizi nümayiş etdiririk.
Bu gün dünyada öz haqqımızın qoruması və özümüzə qarşı ədalətli yanaşmanın olması üçün daha güclü olmalıyıq. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasi kurs ölkəmizi daha da güclü edəcək və yeni dünya nizamında mövqelərimizi möhkəmləndirəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az