!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni dünya nizamı FORMALAŞIR: “Buna bir sıra mane olmağa çalışan ölkələr var”

!Reklam – Yazi

“Dünyanın müxtəlif regionlarında baş verən qarşıdurmaları kimlərinsə hansısa planları ilə əlaqələndirmək doğru olmazdı. Yaxın Şərqdəki Suriya problemi dünən yaranmayıb ki, burda konkret olaraq kimlərinsə maraqlarından danışılsın və ya Gürcüstan, ya Ukrayna məsələsi… Təbii ki, bu qarşıdurmalarda planları olan dövlətlər var. Amma problemlərin gedişatı üçün konkret ölkə və yaxud, məsələn demokratların birbaşa planlarına əsasən, rol almaları nisbi məsələdir”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ-dəki demokratların hakimiyyətdən gedən ərəfədə dünyada gərginlik ocaqları yaratması ilə bağlı səslənən iddialara münasibət bildirib.

Onun sözlərinə görə, əksinə, ABŞ-da seçki sonrası keçid dövründən istifadə edən qüvvələr öz planlarını həyata keçirirlər:

“ABŞ dövləti Suriya məsələsinin həllində yox, əksinə, “Ərəb baharı” inqilablarına dəstək olmaqla onun yaranmasında rol oynayıb. İndi demək olmaz ki, Tramp bu məsələni həll edəcəkdi, Bayden bunun qarşısını almaq üçün qarşıdurmanı törətdi. Suriya problemi dövründə ABŞ-da bir neçə hakimiyyət dəyişikliyi olub. Amma problem həll edilmək əvəzinə daha da içindən çıxılmaz hal alıb. Ukrayna məsələsində də tərəflər bir-birilərini günahlandırsalar da, əsas günahkar Rusiyadır. Baydenin də gec də olsa uzaqmənzilli raketlərlə Rusiyanın ərazilərinə zərbə endirməyə razılıq verməsi gözlənilirdi, çünki Ukraynaya Rusiyanı çəkindirən silahların verilməsi artan xətt üzrə inkişaf edirdi”.

“Gürcüstanda isə qarşıdurma olacağını proqnoz etmək çətin deyildi və hadisələrin belə olacağı əvvəlcədən bəlli idi. Çünki Gürcüstan hökuməti asanlıqla hakimiyyəti verməyəcəkdi. Gürcü müxalifətinin isə indiki hakimiyyəti seçki yolu ilə devirə biləcəyi mümkün deyildi, çünki bütün dövlət resursları hakimiyyətin əlində idi. Odur ki, sonda qarşıdurma gözlənilirdi, hansı ki belə də olur”, – o, əlavə edib.

Analitik əlavə edib ki, dünya, təbii ki, Trampın hakimiyyətə gəlməsini gözləyir:

“Trampın andiçmədən sonra atacağı addımların dünyanın sonrakı gedişatını müəyyən etmə ehtimalları böyükdür. Trampdan gözləntilər çoxdur. Onun dünyadakı müharibələri dayandıracağı deyilir, çünki o, vurğulayıb ki, keçən hakimiyyəti dövründə dünyada müharibə olmayıb. Amma qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan arasındakı 44 günlük müharibə elə Trampın dövründə olmuşdu. Trampın atacağı addımlar fonunda digər ölkələrin gözləntiləri də buna hesablanıb”.

“Hər kəs yeni dünya nizamından danışır. Bəzi ölkələr bunu güc hesabına ərazi işğal etmək və ya yeni resurslara: nəqliyyat yolları, xammal ehtiyatlarına sahib olmaq kimi başa düşür. Amma əsas yeni dünya nizamı fikirlərdə qurulur. Bu ideoloji olaraq dünyanın yeni mərhələyə keçməsi deməkdir. İnsanlıq tarixi ən yüksək səviyyədə inkişaf etmiş təfəkkür olan demokratik cəmiyyət, insan hüquqları sahəsində bütün dünyada yeni çağa daxil olmaq istəyir. Təbii ki, buna bir sıra mane olmağa çalışan ölkələr var. Onlar buna müqavimət göstərirlər”, – mütəxəssis söyləyib.

Həmsöhbətimiz hesab edir ki, insanlıq tarixi gec-tez istəyinə nail olacaq:

“Çünki inkişaf insan irqinin vacib atributudur. Bu günə ancaq inkişaf yolu ilə gəlinib və bunun qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, dünyada bütün regionlarda ərazi problemi məsələləri hələ uzun illər davam edəcək. Bu məsələlərdə inkişafa ancaq insan adına layiq olan əsl cəmiyyətlər formalaşdıqda nail olmaq olar. Amma insan növü ali irq olsa da, bütün insanlıq əleyhinə xüsusiyyətlər də ona xasdır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

75
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv