!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni geosiyasi REALLIĞIN fonunda Vətən Müharibəsi: Çini NATO ilə üz-üzə gətirən Zəngəzur dəhlizi niyə qurulur? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Belə bir deyim vardı – keçmişin dünyası Aralıq dənizi, indinin dünyası Atlantik okeanı, gələcəyin dünyası isə Hind okeanıdır.

Əslində, bu deyim köhnəlib. Artıq Aralıq dənizi qədim, Atlantik okeanı keçmiş, Hind okeanı isə yaşadığımız dövrün dünyasıdır, gələcəyin dünyası isə böyük ehtimalla planetlərarası olacaq…

Gələk dövrümüzün dünyasına…

Hazırda dünyanın ixrac payının ən böyük sahibləri Çin, Hindistan, Koreyadır. Təbii ki, başqa ölkələr də var, sadəcə Azərbaycanı və bölgəni əsas maraqlandıran Çindir.

Regionumuza gələn malların marşrutu…

Bu ölkələrin, xüsusən Çinin ixrac etdiyi məhsullar dünya bazarına çıxarılmaq üçün quru yollarla okean sahilinə daşınır. Burada konteynerlər gəmilərə yüklənir və gəmilər Hind okeanını keçərək İranın Bəndər-Abbas limanına gəlir.

Bəndər-Abbas limanından təxminən gün ərzində 2000 konteyner mal çıxır. Həmin konteynerlər yenidən TIR-lara yüklənir və uzun yol qət edərək yerinə çatır.

Sual: Bütün bu marşrut neçə gün çəkir?

Maliyyəçi Fərid Babayevlə məsələni müzakirə edərkən bildirdi ki, Azərbaycan və regiona Çindən mallar minimum 40-45 gün çəkir. Quru yol, su yolu, yenidən quru yol. Bu yol həm bahalı, həm də keyfiyyət baxımından əlverişsizdir.

Məsələni araşdırmaq üçün distribüter şirkətlərlə əlaqə saxladıq. Onlar marşrutun belə olduğunu və malların çox ləng gəldiyini bildirdilər. Mallar bəzən 40-45 gün yox, daha uzun vaxtda gəlib çıxır. Bu isə həm vaxt, həm maliyyə, həm də keyfiyyət baxımından ürəkaçan sayılmır. Şirkətlər özləri də qısa yol axtarırlar, ancaq çarəsizlikdən məhz bu yoldan istifadə edirlər.

Bütün bunları niyə yazıram?

Hazırda ixrac edən və idxal edən ölkələr bu yolun uzun olmasından narazıdır. Çin istehsal etdiyi məhsulların qısa zaman ərzində son təyinat nöqtəsinə çatmasının tərəfdarıdır. Çin və İngiltərənin dünyanın iqtisadi bazarını ələ keçirmək layihələri mövcuddur. Yeri gəlmişkən, sözü gedən layihə Çindən başlayıb, məhz Londonda bitəcək.

Modifikasiya edilmiş İpək yolu

Çin ixrac etdiyi məhsulların qısa zamanda yerinə çatması üçün müxtəlif layihələr irəli sürür. Bunların başında isə modifikasiya edilmiş İpək yolu gəlir. Bu marşrut isə Çindən başlayıb, Qazaxıstandan keçməklə Xəzər dənizində yekunlaşan dəmiryolu xəttidir. Təsəvvür edək, məhsullar Xəzər dənizinə gəlir. Oradan bərələrə yüklənərək Azərbaycana – Ələt limanına çatır (Ələt limanı haqqında aşağıda oxuyacaqsınız). Ələt limanından həmin qatarlar Bakı-Horadiz qatar yolu ilə Zəngəzur dəhlizindən keçərək Türkiyəyə, oradan isə Avropaya – son dayanacaq olan Londona gedir.

Əslində, hazır layihə mövcuddur. Hazırda da işlək olan Bakı-Tiblisi-Qars dəmiryolu xətti.

O zaman sual yaranır. Niyə Çin Zəngəzur dəhlizini istəyir?

Səbəb çox sadədir. Zaman! Gürcüstanda yol uzanır. Yolu qısaltmaq istəyənlər də bu marşrut xəttini seçməzlər. Çin hər kilometrin hesabını aparır. Zəngəzur dəhlizi şahdamardır. Bu dəhliz vasitəsilə köhnənin dünyası sayılan Aralıq dənizinə çıxış daha qısadır.

İranın susqunluğunun səbəbi

Modifikasiya edilmiş İpək yolu, təbii ki, İrana böyük zərbə kimi görünür. Ən azı, bizim bölgəmizə daxil olan məhsullar artıq Bəndər-Abbas limanına gəlməyəcək.

İran niyə susur?

İrana qarşı həm ABŞ-nin, həm də Avropa ölkələrinin sanksiyaları mövcuddur. İran bu sanksiyaların məngənəsində neftinin təxminən 80-90 faizini alan Çinə heç nə deyə bilməz. Bundan əlavə, Çinin İrana 5 milyard dollar həcmində yardım etdiyi barədə xarici mətbuatda çoxlu sayda məqalə dərc edilib. Çin İranı öz əlinə alıb. ABŞ sanksiyaları ilə İranı Çinə uduzub. Bundan əlavə, İran da bu məsələdən qazanclı çıxa bilər. Əvvəl quru yolla okean sahilinə gəlib oradan gəmilərlə Bəndər-Abbas limanına çıxan mallar indi daha asan yolla İrana keçə bilər. İran Horadizdən Bəndər-Abbas limanına qatar yolu çəkərək oradan mal götürən şirkətləri yenə təmin edə bilər.

Əslində, İkinci Qarabağ müharibəsində İranın səssiz qalmasının səbəbi də məhz bu idi. İran Qarabağa qaz və digər məhsullarını satırdı. Qarabağda istədiyi kimi narkotik trafikini yönləndirir, emal sexlərini orada işlədirdi. İran Çinin diqtəsinə görə məcburən gəlirindən keçərək susmalı oldu.

Çinin belə bir layihə istəyi yarananda, təbii ki, İran da layihə ilə çıxış edib. İranın layihəsi təxminən belədir: Bəndər-Abbas limanında qatar yolu ilə Ermənistanın içərisindən keçərək malları Gürcüstana – Poti limanına çatdırmaq. Düşünürəm ki, İranın bu təklifi zamana görə qəbul edilməyib. Çünki bu, yazının əvvəlindəki marşrutu cəmi 5 gün azaldır. Bu isə Çini heç cür qane edə bilməz. Bu həm də o deməkdir ki, marşrut İrandan aslı qalır. İran isə qeyri-stabil ölkədir. İranın hazırda bölgədə olan İsrail və bir neçə Avropa ölkələri ilə ciddi konfliktləri var. İrandansa Azərbaycanla anlaşmaq həm vaxtı daha çox azladır, həm də Azərbaycan loyal dövlətdir. Azərbaycan həm də İsrail, Rusiya, Türkiyə agenturasının koordinasiyalı işlədiyi ölkələrdən biridir.

Sual yarana bilər: Dünya iqtisadiyyatında böyük dəyişikliyə yol açacaq layihə Rusiyasız necə olacaq və ya Rusiya niyə susur?

Rusiya, təbii ki, bu işin içərisində olan ölkələrdən biridir. Layihə nə qədər də Rusiyanın sərhədləri daxilindən keçməsə də, rəsmi Moskva bunun həll yolunu tapıb. Öncə buna mane olmaq üçün Ermənistandan istifadə edərək Azərbaycana qarşı təzyiqlər etməyə çalışdı. Buna Tovuz hadisələrini misal çəkə bilərik.

Ermənistan hökuməti 27 may tarixli iclasda Qafan, Mehri və Texdəki torpaq sahələrinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd qoşunlarına pulsuz istifadə üçün verilməsi barədə qərar qəbul etdi.

İcma torpaq sahələri hökumətə, onlardan isə FTX-nin Sərhəd xidmətinə bağışlanıb. Rəsmi İrəvan, təbii ki, bu qərarını Ermənistanın cənub-şərq sərhədlərinin mühafizəsinin gücləndirilməsi zərurəti ilə əlaqədar qəbul olunduğu bildirilir.

Reallıqda isə bunun tərcüməsi Rusiyanın Zəngəzur dəhlizində “oturması” deməkdir. Rusiya həmin əraziləri Ermənistandan özü də pulsuz icarəyə götürməklə layihəyə daxil olub. Təkcə bunun baş verməsi Zəngəzur dəhlizinin taleyinin həll olması anlamına gəlir. Zəngəzur dəhlizindən təkcə sürətli qatar yolu yox, magistral yol, hətta gələcəkdə ola bilsin ki, neft-qaz kəmərlərinin keçməsi də mümkündür.

Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin rentabelliyi çox aşağıdır. Bu xətt, demək olar ki, tarix olacaq. Gürcüstan çox cəhd etsə də, layihədən kənarda qalır. Gürcüstanın bu layihədən uzaq qalması, təbii ki, gürcü hökümətini çox narahat edirdi. Bu səbəbdən də, Gürcüstanın Dmanisi rayonunda (Azərbaycalılar bu ərazini 92-ci ilə qədər Baş Keçid adlandırıb) azərbaycanlılarla svanlar arasında baş verən kütləvi davanı təsadüfi saymaq olmaz. Düzdür, svanlarla gərginlik hər zaman olub, ancaq qəfil bu həddə çatması təsadüfi sayıla bilməz. Bu, Gürcüstanın Azərbaycana təzyiqi kimi də başa düşülə bilər. Azərbaycan hökuməti hansısa yolla Gürcüstanı razı sala bildi.

Əslində, Zəngəzur dəhlizinin açılmasının dəqiqləşməsi, ərazidə işlərin aparılması, Türkiyə və Azərbaycan prezidentlərinin bu yöndəki bəyanatları 2020-ci ildə Ermənistan ordusunun dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın səbəbini üzə çıxarır. Belə ki, o zaman istər Azərbaycan, istər Türkiyə rəsmiləri Tovuzda baş verənlərin neft-qaz kəmərlərinə görə olduğunu iddia edirdi. Ərazinin kor olması, neft-qaz kəmərlərindən uzaqda baş verməsi bu iddianın gerçəkçi olmadığını deyirdi. Hələ o vaxt da, bir neçə yazıda məsələnin neft-qaz kəmərləri ilə bağlı olmadığını qeyd etmişdim. Hadisələrin axarı iddiaların yayındırıcı olmasını göstərir. İndi aydın olur ki, layihədən xəbər tutan və Ermənistan ərazisindən keçməyəcəyini anlayan erməni rəsmiləri niyə bu addımı atırdı. Bu, təbii ki, layihədən pay almaq və ya layihəni dayandırmaq anlamı verirdi. Ermənistana sərf edən İranın təklifi idi. Çünki marşrut birbaşa Ermənistan keçərək Poti limanına çıxacaqdı.

Xaricdə yaşayan erməni politoloqlar uzun zamandır ki, Ermənistan hökumətinə Rusiyadan uzaqlaşıb nəyinki qərblə, Çinlə yaxşı münasibətlər qurmağı təklif edirdilər. Hətta Ermənistanın gələcəyinin Çində olduğunu deyirdilər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Çin bu layihəni ilk dəfə 2013-cü ildə ideya kimi səsləndirib. Hazırda Çin dövləti bu layihəyə çox ciddi yatırım edib. Müxtəlif dillərdə Çinin liman alması başlıqlı xəbərlərini axtarış verdikdə Pekinin bu sahəyə necə yatırımlar etdiyini görə bilərik. Çin bankları yol üçün və liman alınması üçün şirkətlərə 2,3 və 5 faizlik kreditlər verir. Çin öz dəniz sahilində yox, başqa ölkələrin 40-dan çox dəniz limanlarına yatırım edib. Təbii ki, bunlar hamısı İpək yolu və digər ticarət yolları ilə bağlıdır.

Ələt limanı

22 may 2020-ci il tarixində prezident İlham Əliyevin fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılıb. Azərbaycan dünya bazarına neft və qazdan başqa hansı məhsulları çıxarır? Payı nə qədərdir? İxracatçı ölkə olmayan Azərbaycan Ələt azad iqtisadi zonasını niyə yaratsın? Bazara hansı məhsullar çıxarılacaq? Potensialı nə qədərdir? Xəzər dənizi iqtisadi marşrut deyil. Bu halda, Ələt azad iqtisadi zonası da anlamsız olardı. Bütün daşlar məhz modifikasiya edilmiş İpək yolundan sonra yerinə oturur. Haqqında yazdığım modifikasiya edilmiş İpək yolu olmasaydı, Ələt azad iqtisadi zonası da olmazdı. Bu layihə ilə birlikdə Xəzər dənizi iqtisadi marşrut olacaq. Xəzər sahili və sahil ölkələrinin qonşuları məhz bura yönələcək.

Prezident İlham Əliyev Azad İqtisadi Zonanın Ələtdə yaradılmasına belə aydınlıq gətirib:

“İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər var. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək”.

Əslində, bu həm də, limanla bağlıdır. Belə ki, Xəzər dənizindən uzaq Şərqdən gələn mallar məhz Ələtdə cəmlənəcək və ətraf ölkələr məhsulları oradan aparacaqlar. Sual yarana bilər: Niyə Qazaxıstanda yox, Azərbaycanda? Bunun iki cavabı ola bilər. Birincisi, Qazaxıstanın coğrafi mövqeyi və daha geniş ərazilərə mal çatdırma imkanları aşağıdır. İkinci səbəb bu ola bilər ki, Azərbaycan milardlar xərcləyib Qarabağı işğaldan azad edir. Bu da onun mükafatı kimi düşünülə bilər.

Bundan əlavə, prezident İlham Əliyev Azərbaycanın diplomatik korpuslarının nümayəndələrinə tapşırıq verib ki, xaricdə Ələt iqtisadi zonasını təbliğ etsinlər.

Düşünürəm ki, Qarabağ ətrafında müharibəyə hazırlıq, cəbhədə gərginliyin artması və dövlət sərhəddində erməni təxribatları Ələt iqtisadi zonasının yaradılması fərmanından sonra çoxalmağa başladı. 22 may 2020-ci il tarixi həm də müharibənin əsasının qoyulduu tarixlərdən biri sayıla bilər. Azərbaycanın, böyük ehtimalla, layihə razılaşdırıldıqdan sonra tək çıxış yolu qalırdı: Qarabağı işağldan azad etmək. Əgər Qarabağ işğalda olsaydı, bu layihənin həyata keçməsi, təbii ki, imkansız idi.

Ələt limanını Türkiyənin Mersin limanı kimi düşünmək də olar. Suriya, İraq, Ukrayna, İsrail kimi digər ölkələr məhz Mersin limanına üz tutur. Yeri gəlmişkən, Mersin də azad iqtisadi zonadır. Mersin hər zaman öz funksiyasını saxlayacaq. Ancaq bu marşurta Çin, Koreya, Yaponiyadan başqa bir müddət sonra Vyetnam, Hindistan kimi ölkələr də qoşula bilər. O zaman Ələt azad iqtisadi zonası hətta dünya əhəmiyyətli yer ola bilər.

Bu marşrutun işə düşməsi Azərbaycanın neftdən asılılığını da azalda bilər. Ancaq bu, Azərbaycanın yox, məhz marağı olan ölkələrin layihəsi nəticəsində baş verəcək.

Maliyyəçi Fərid Babayevin bizə təqdim etdiyi araşdırmaya əsasən, son 5 ildə Azərbaycanda yüzlərlə loqistik şirkətin açıldığı məlum olub.

Bu layihənin həyata keçməsini istəməyən ölkələr də var. Bu ölkələrin başında ABŞ gəlir. Yeri gəlmişkən NATO-nun  zirvə toplantısında rəsmən layihənin qeyri-məqbul olduğu vurğulandı.

Onu da qeyd etmək lazımdır ki, İngiltərənin də layihədə böyük marağı var. İngiltərənin Azərbaycana Qarabağ üçün 30 milyard dollarlıq paketlə gəlməsi də, təsadüfi hesab oluna bilməz. Təkcə bu onu deməyə əsas verir ki, Azərbaycanın, eləcə də Qarabağın 100 illik taleyi qarantiya edilib.

www.yenicag.az

16608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv