“Onun andiçmə mərasimindəki çıxışı seçkilər zamanı qütbləşən cəmiyyət üçün barışıq formuludur”.
Bu fikirləri Türkiyədə formalaşdırılan yeni hökumət kabinəsinin potensial iş qabiliyyətini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ərdoğanın yeni nazir təyinatları Türkiyənin gələcəyinə hesablanmış qərardır:
“Rəcəb Tayyib Ərdoğanın təyin etdiyii yeni nazirlərin bir çoxunu tanımasam da, əminəm ki, onun ciddi şəkildə apardığı seçim özünü doğruldacaq. Çünki Ərdoğan sadəcə, çox təcrübəli siyasətçi deyil, həm də yaşının müdriklik dövrünə adlamış insandır. Həyatda və siyasətdə qazandığı təcrübə ona doğru seçim etməsini şərtləndirir.
Yeni nazirlərə və onların kurasiya edəcəkləri sahələrə nəzər salanda, açıq görə bilirik ki, Ərdoğanın kadr seçiminin əsasını elm təşkil edir. Ümumiyyətlə, Türkiyənin son iyirmi ildəki uğurlarının əsası elmlə bağlıdır. Ərdoğanın da müdrikliyi ondadır ki, həm insanları yaxşı tanıyır, həm də onların bacarıqlarını düzgün istiqamətə necə yönləndirməyi bilir. O baxımdan, yeni nazir təyinatları Türkiyənin gələcəyinə hesablanmış qərardır.
Türkiyə Prezidenti özünün andiçmə mərasimində də bəyan etdi ki, əsas strateji hədəfləri davamlı inkişaf tempini qoruyub saxlamaq və artırmaqdır. Həmin mərasimin miqyası, təbrikə onlarla dövlətin nümayəndə heyətinin gəlməsi və oradakı atmosfer Türkiyənin sözün tam mənasında “obyekt”dən “subyekt”ə çevrildiyini göstərir. Sözsüz ki, bu dəyişikliyin memarı məhz Ərdoğandır.
Bayaq da dedim ki, Ərdoğan yaşının ixtıyar çağındadır. Onun andiçmə mərasimindəki çıxışı seçkilər zamanı qütbləşən cəmiyyət üçün barışıq formuludur. Bu isə onu deməyə əsas verir ki, seçkilərdə Ərdoğana səs verməyən kəsimin də maraqları mütləq nəzərə alınacaq. Mən Türkiyədəki yeni hakimiyyət komandasının perspektivinə çox nikbin yanaşıram”.
A.Zeynalov
www.yenicag.az