“Yeni parlamentin görə biləcəyi ən mühüm işlərdən biri ölkənin yeni konstitusiyası layihəsinin hazırlanması və onun əsas prinsiplərinin müəyyənləşdirilməsindən ibarət olmalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qurulacaq yeni parlamentdən gözləntilər barədə fikirlərini səsləndirən siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ümumi yanaşdıqda parlament ölkə üçün mühüm funksiya daşıyır.
“Azərbaycanın yeni dövrə qədəm qoyduğu nəzərə alındıqda yeni tərkibdə parlamentin missiyası diqqət mərkəzindədir. Gözləntilərin nədən ibarət olacağını isə yalnız yeni tərkib formalaşandan sonra dəqiqləşdirmək olar. İndiki dövrdə bu çərçivəni müəyyən etmək çətindir.
Ancaq gözləntilərdən bir neçəsini sıralamaq mümkündür. Misal olaraq Azərbaycanın yeni mərhələ üçün idarəçilik sistemində dəyişikliklər aparılmasının qanuni bazasının yaradılması olduqca vacibdir. Çünki yeni konstitusiyaya ehtiyac olduğu hər kəsə bəllidir. Yeni parlamentin görə biləcəyi ən mühüm işlərdən biri ölkənin yeni konstitusiyası layihəsinin hazırlanması və onun əsas prinsiplərinin müəyyənləşdirilməsindən ibarət olmalıdır”, – deyə o qeyd edib.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanla Azərabaycan arasında yeni sülh sazişinin imzalanması prosesində fəal iştirak etməsi də gözləntilərdən biridir.
“Çünki bu sazişin həm hazırlanması, həm də onun ratifikasiyası mərhələsinə parlamentin böyük təsir imkanları olacaq.
Azərbaycanın yeni mərhələdə yeni milli ideologiyasının hazırlanmasına ehtiyac var. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan cəmiyyətinin əsas milli ideologiyası səviyyəsində qəbul olunurdu. Ancaq bu hədəfə nail olduqdan sonra cəmiyyətimiz milli ideologiyadan məhrum vəziyyətdədir. Bu səbəbdən yeni şəraitə uyğun milli ideologiyanın hazırlanması mühümdür. Yeni parlamentin sadalanan vəzifələrin öhdəsindən gəlib-gəlməyəcəyini isə zaman göstərəcək”, – deyə siyasi şərhçi bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az