Yeni rəng KƏŞF EDİLDİ – Gözlə görmək MÜMKÜN DEYİL
Kaliforniya Universiteti və Vaşinqton Universiteti alimləri insan gözünün təbii yollarla görə bilmədiyi yeni bir rəngin kəşf edildiyini açıqlayıblar.
Yenicag.az xəbər verir ki, tədqiqatçılar, “Oz” adlı bir cihazdan istifadə edərək retina üzərindəki konus hüceyrələrini lazerlə stimullaşdırıb.
Bu yeni üsul sayəsində yalnız yaşıl rəngə həssas hüceyrələr hədəf alınaraq beyində daha əvvəl təcrübə edilməmiş bir rəng hissi yaradılıb.
Araşdırmaya üç nəfər qatılıb və onların gördükləri rəng mövcud heç bir rənglə uyğun gəlməyib. Tədqiqatçılar bu rəngə “olo” adını veriblər. İştirakçılar gözlərinin kənar hissələrində əvvəllər müşahidə etmədikləri rəng keçidləri və naxışlar gördüklərini bildiriblər.
Alimlər bu kəşfin insanın rəng qavrayışının sərhədlərini anlamağa kömək edə biləcəyini və rəng korluğu kimi halların müalicəsi üçün yeni imkanlar yaradacağını qeyd ediblər.