Yeni xəstəlik sərhəddə: "Nipah" virusu Pandemiya yarada bilərmi? — Adil Qeybulladan XƏBƏRDARLIQ
“Hindistanda aşkar olunan yeni virusun ölkəyə daxil olmaması üçün virusun yayılacağı təqdirdə ölkəyə girişlərə nəzarət gücləndirilməlidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib.
Professor Hindistanda yeni aşkar olunan və əlamətləri koronavirusa bənzəyən “Nipah” virusunun dünyada qloballaşması ehtimalı və bu xəstəliyin əlamətləri haqqında danışıb:
“Ümumiyyətlə, yeni virus olan ‘Nipah’ virusu ilkin olaraq heyvanlarda aşkar olunan virusdur. Bu virus ilk dəfə meyvə ilə qidalanan yarasalarda aşkar olunub, daha sonra donuzlara keçib. İnsanlara isə meyvələrdə yarasaların ekskrementləri vasitəsilə transfer edilib. Viruslar insana transfer edilməzdən öncə onlar bədənə daxil olurlar, hüceyrəyə qarışması üçün onların tərkibindəki proteinlər adaptasiya olunduqdan sonra virus insan hüceyrəsinə daxil olma imkanı əldə edir. Eynilə koronavirus və digərləri kimi. Xəstəliyin infeksiyalar yaratması çox təhlükəlidir. Bu yolla xəstəlik yayılsa, əhatəsi çox genişlənə bilər. Hər bir halda, bu virusun böyük pandemiya yaratmaq təhlükəsi yoxdur. Bu xəstəlik insanda müxtəlif əlamətlərlə özünü göstərir. Boğaz, baş ağrısı, bel-əzələ ağrıları, yüksək hərarət, burun tutulması və s. əlamətlərlə davam edən qripəbənzər xəstəlikdir.”
A. Qeybulla bu virusun ölümə səbəb olması əlamətlərini sadalayıb:
“Bu xəstəliyin ən təhlükəli məqamı odur ki, paralel olaraq ensefalit, beyin ödemi yaratmasıdır ki, ölüm adətən bununla baş verir.”
Professor yeni yayılmış bu virusun Azərbaycan sərhədlərini keçmə ehtimalı haqqında müsbət fikirlər bildirib:
“Düşünürəm ki, Azərbaycan da qloballaşan dünyanın bir hissəsidir və nəzarət güclənməlidir ki, bu virus ölkəyə daxil olmasın, olsa belə vaxtında lokallaşdırmaq üçün işlər görülməlidir. İstənilən belə hadisələrdə biz diqqətli olmalıyq, maarifləndirici işlərə diqqət etməliyik.”
Nurlan Cəfəri












