"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirildi – FOTO/VİDEO
Bu gün Bakıda “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə təşkil olunub.
Yenicag.az xəbər verir ki, ictimai müzakirə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “World Business Center”də keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.
İctimai müzakirəni giriş nitqi ilə açan “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı iştirakçıların hər birinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, qəza ocaqlarını müəyyənləşdirmək, onların qarşısını almaq üçün hansısa tədbirlərin görülməsi məsələsi, çox təəssüf ki, arxa planda qalır. Buna görə də davamlı olaraq eyni yerdə bənzər səpkidə qəzaların şahidi oluruq:
“Qaradağ rayonu Müşfiqabad qəsəbəsində DYP postuna çatmamış yerüstü keçidlərlə bağlı vəziyyət acınacaqlıdır. Burada həm postdan əvvəl, həm də postdan sonra keçmiş dövrdən qalma, tunel tərzində salınan 2 yerüstü keçid var. Axşam saatlarında o yolda hərəkətlilik azalan kimi həmin keçidlər evsiz şəxslərin, “bomj”ların, narkomanların yaşadığı, gecələdiyi məkana çevrilir. Uzun müddətdir bu vəziyyət yarandığı üçün oradan pis qoxu gəlir. Buna görə də piyadalar həmin keçidlərdən istifadə etmir və keçidlərin yaxınlığında qəza rsikləri yaranır”.
Daha sonra “Digesta” hüquq şirkətinin rəhbəri, hüquqşünas Ərşad Hüseynov çıxışında İctimai Birliyin fəaliyyətində uğurlar arzulayıb və diqqətə çatdırılan məsələlərin bütövlükdə ölkə əhalisinin narahat olduğu problem olduğunu qeyd edib:
“2018-ci ildə ölkəmizdə bu məsələlərin həllinin tapılması üçün dövlət proqramı qəbul olundu. Bir xeyli ümidləndik. Amma proqram icra edilmədi. Kosmetik nələrsə edildi. Lakin icra olunmadığı üçün də keyfiyyət dəyişikliyini görə bilmədik. Cəmiyyətimizdə, istər sürücü, istər sərnişin, istərsə də yolun kənarında bir obyekti olan kommersant, çox qəribə yanaşma var: biz hələ təhlükəsizlik davranışının nə olduğunu çox aşağı səviyyədə bilirik. Məsələn, yol hərəkətinin iştirakçısı olmayan bir nəfər öz piştaxtasını çıxarıb yolun hərəkət hissəsinə yerləşdirir. Yaxud da başqa bir şəxs obyektindən çıxıb, yolun hərəkət hissəsində maşınını yuyur, hərəkət hissəsinə tərəf olan qapını da açıb, girib maşının içində tozsoranla nəsə edir. Ən pis nümunəsini də srağagün Heydər Əliyev prospektində gördük. Avtobus gəlib yolun hərəkət hissəsində qapını açıq qoyub maşının içində nəsə etməyə çalışan sürücüyə toxundu. Dünən də məlumat gəldi ki, həmin insan dünyasını dəyişdi”.
Müzakirədə iştirak edən sabiq deputat İltizam Yusifov deyib ki, əslində son illərdə yol-nəqliyyat hadisələrinin azalmasının şahidi oluruq, lakin ölüm halları ilə bağlı eyni fikri demək mümkün deyil. O qeyd edib ki, 2023-cü ildə 1636 yol-nəqliyyat hadisəsi baş verib:
“Bu hadisələrin 211-i avtomagistrallarda, 1425-i isə şəhər daxilində baş verib. Avtomagistrallarda baş verən qəzaların sayı 4 dəfə, şəhər daxilində isə 2 dəfə azalıb. Son 8 ilin ən acı nəticəsi məhz 2023-cü ildə qeydə alınıb. Ölüm faktlarının müqayisəsinə görə ən çox hadisə 2023-cü ildə qeydə alınıb: 861 hadisə. Lakin yaralananların sayında isə 2023-cü ildə digər illərlə nisbətdə azalma müşahidə olunub. Bu statistika özü aidiyyəti qurumlara daha dərindən analiz etməyə rəvac verir”.
Tədbir zamanı çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə bildirib ki, 2023-cü ildə də 400 avtomobil yanıb və bu hadisələr zamanı 10 ölüm qeydə alınıb. Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır”.
Qeydə alınan yanğınların bəziləri yeni model elektrik avtomobilləri ilə bağlıdır:
“Qeyd etmək istəyirəm ki, bu avtomobillər yandığı zaman onları adi su ilə söndürmək olduqca təhlükəlidir. Bu avtomobilləri birbaşa su ilə söndürməyə çalışarkən əks-təsir effekti yarana bilir və ani yenidən alovlanma halları müşahidə edilir. Bunun üçün də ölkə rəhbərliyinin və nazirliyin göstərişlərinə əsasən, ölkəmizdə biouniversal, köpük əmələ gətirən vasitələrdən istifadə olunur”.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Müvəssil Allahverdiyev yol-nəqliyyat hadisələri baş verən zaman vətəndaşların üzərinə düşən məsuliyyətdən danışıb. O qeyd edib ki, bəzi hallarda vətəndaşlar ilkin tibbi yardım göstərənlərin, xilasedicilərin işinə mane olurlar:
“Hadisə zamanı şəraiti qiymətləndirərkən baxılır ki, əgər zərərçəkmişə ciddi təhlükə yoxdursa, burada artıq əməkdaşlarımız “A planı”ndan istifadə edərək birinci növbədə avtomobili bərkidirlər. Onun akkumulyatorunu sistemdən ayırırıq, çünki elektrik ötürmə hissəsində problemlər yarana bilər. Daha sonra zərərçəkmişlə psixoloji söhbət aparırıq. Hadisələr zamanı bütün digər qurumlar kimi bizim də operativ nəqliyyat vasitələrinə yol verilməməsi ilə bağlı problemlərimiz yaranır. Bu tədbirdən istifadə edərək ictimaiyyətə müraciət etmək istəyirəm. Bu mövzuda, operativ nəqliyyat vasitələrinə yol verilməsində bizə köməklik göstərin”.
Daxili İşlər Nazirliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov son illərdə yol-nəqliyyat hadisələrinin ciddi şəkildə azaldığını bildirib. O, belə hadisələrin qarşısının alınmasında təbliğat və maarifləndirmə işinin önəmini vurğulayıb.
“Son 6 ayda motosiklet, moped və skuter sürücüləri ilə bağlı 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu artan tendensiya hər birimizi narahat edir. Media nümayəndələrini yeni yaranan problemin yerində həlli işlərinə dəstək verməyə çağırırıq. Təkcə polis əməkdaşları deyil, hər bir vətəndaş bu işlərdə fəal iştirak etməlidir. Cəmiyyətin bütün təbəqələri ilə maarifləndirmə işləri aparılmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
İcbari Sığorta Bürosunun şöbə rəisi Sadiq Mədətovun sözlərinə görə, qurum tərəfindən baş verən yol-nəqliyyat hadisələrinin məkanı, saatı və səbəbləri ilə əlaqədar müqayisələr aparılır:
“Yeni layihəmizdə bununla bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə müzakirələr həyata keçiririk. Bu fonda hətta həmin ərazilərdə görülə biləcək işlərlə bağlı, hətta deyək ki, yol nişanının quraşdırılması və s. məsələlər bizim maarifləndirmə tədbirlərinin büdcəsi həcmində hansısa formada təmsil etdiyimin qurumun da iştirakının olmasını nəzərdə tutmuşuq. Üstəlik, bu zaman nəzərdə tutulan vəsaitin maarifləndirmə büdcəsində qarşılanması çərçivəsində həyata keçirmək istəyirik”.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, yanan avtomobillərin bir qismi də sükanı sağdan sola keçirilən nəqliyyat vasitələridir:
“Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, sükanı sağda olan avtomobillərin ölkə ərazisinə idxalı qadağandır. Lakin təssüflər olsun ki, bu gün də həmin avtomobillərin idxalı mümkündür. Hətta bu avtomobillərin istismar edilməsi ilə bağlı sənəd də verilir.”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, avtomobillər kimi, piyadaların da şəhər yollarında, piyada keçidlərində rəvan hərəkətini təmin etmək mütləqdir:
“Piyadanın yerin altına girmədən, yerin üstünə qalxmadan eyni şəkildə rahat keçidi təmin olunmalıdır. Şəhərin mərkəzində buna şərait yoxdursa, bu qəzalar qaçılmazdır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov bildirib ki, yeni layihəyə əsasən, Bakının mrəkəzi küçələrindən birinin piyadalaşdırılması nəzərdə tutulub:
“İslam Səfərli küçəsi Bakının ən çox tarixi binalarının olduğu ərazilərindən biridir. Bu küçə bu gün passiv parklanma yeri kimi istifadə olunur. Həmin küçə Bakıda ən çox tarixi binaların olduğu küçədir. Məqsəd bu küçəni əsasən piyadalaşdırmaqdır. Amma tranzit küçələr kimi də yol saxlanılacaq”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, yol-nəqliyyat hadisəsi baş verərkən sadcə bir cümlə işlədilir:
“Sürücü idarəetməni itirdi. Bu cümlənin arxasında dayanan səbəbləri öyrənmək bizim Assosiasiyamızın əsas məqsədlərindən biri idi. Sözsüz ki, burada köhnə avtomobillərin, hətta Gürcüstandan 2 avtomobildən 1 avtomobil yığılaraq ölkəmizə gətirilməsi məsələləri var idi ki, bu da ölkə yollarında təhlükəsizliyin təmin olunmasına maneə yaradırdı. Biz isə rəsmi dilerlər olaraq, aidiyyəti qurumlara müraciət etdik ki, yeni avtomobillərin alınması üçün bank faizləri aşağı salınsın və vətəndaşların yeni avtomobillərə əlçatanlığı artsın”.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, təlimçi Arzu Kürsüm Babazadə tədbirdə çıxışı zamanı qeyd edib ki, piyada və sürücü vəzifələri nəinki məktəb və universitetdən, xüsusən də evdən başlamalıdır:
“Bununla yanaşı qeyd edilən fikirlərlə bağlı deyim ki, qanunu pozmayan vətəndaşı polisin çoxluğu narahat edə bilməz. Bu, şəxsən məni narahat etmir. Bununla yanaşı mən təklif edirəm ki, avtomobil təlimçiləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təşkil etdiyi təlimlərdə iştiraka məcbur edilsinlər. Bu, lap ödənişli də ola bilər. Ən azından biz bilərik ki, sabah tələbəyə nəyi necə izah etməliyik. Həm təlimçilər, həm təlimdə iştirak edənlər bilməlidir ki, fövqəladə vəziyyətə tələsən operativ nəqliyyat vasitələrinə mütləq şəkildə yol verilməlidir. Çünki onlar nəinki saniyə, hətta millisaniyə ilə yarışırlar”.
“Hed Academy Azerbaijan” şirkətinin Azərbaycan bölməsinin rəhbəri Ruslan İbrahimov isə çıxışında sürücülərin sərt tormozlamanı bacarmamalarına diqqət çəkib:
“Sürücülər sərt tormozlamanı, ABS sistemini düşünəndə maşının qırılmasından qorxur. Çünki ABS sistemi işə düşərkən bəlli bir səs eşidilir, pedal titrəyir, sürücü dərhal ayağını pedaldan çəkir. Digər bir məsələ də ondan ibarətdir ki, biz müxtəlif kontigentdən olan sürücülərə təlimlər keçirik. Bu zaman hansısa biri narazılığını bildirir və deyir ki, mən müəlliməm, sürücü deyiləm, sən niyə ancaq sürücü barədə danışırsan? Bildirmək istəyirəm ki, vəzifəsindən, cinsindən, yaşından asılı olmadan sükan arxasına əyləşən hər bir kəs sürücü olur”.
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Pərviz Sadıqov deyib ki, qatarların istər avtomobillə toqquşma, istərsə də insan vurma faktları ilə bağlı azalma müşahidə edilir:
“Hədəfimiz isə təkcə azalma deyil “0 təhlükəli” nəqliyyat sistemi yaratmaqdır. Düşünürəm ki, maarifləndirmə və ictimai qınağı daha çox artırmalıyıq. Lakin burada kommunikasiya dilimizin sərt ol mamasına diqqət etməliyik”.
“Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Aysel Hüseyovanın sözlərinə görə, şirkət tərəfindən 25 marşrut xətti üzrə sərnişindaşımalar həyata keçirilir:
“Şirkət olaraq avtobuslarımızın iştirakı ilə baş verən yol qəzalarında ziyan dəyən nəqliyyat vasitələrimizin təmirini 1-3 gün arası təmir etməyə çalışırq. 1 avtobus təxminən 1000-dən çox sərnişinə gündəlik xidmət göstərir. Biz nəzərə alsaq ki, nəqliyyat vasitəsinin həcmindən asılı olaraq onun təmiri 1-3-7 gün müddətə başa gəlir, o zaman deyə bilərik ki, həmin nəqliyyat vasitəsinin göstərdiyi xidmət mənfiyə doğru düşür. Yəni bu qədər sərnişinə artıq həmin avtobus xidmət təqdim edə bilmir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxışında vurğulayıb ki, Birlik artıq uzun müddətdir ki, bir avtomobil modelinin saxta ehtiyat hissələrinin satışı ilə mübarizə aparır və bu istiqamətdə beynəlxalq səviyyədə tədbirlər görülür:
“Bu avtomobil modelinin ehtiyat hissələri ilə bağlı bazarda 8-10% saxta çeşidlər mövcuddur. Vətəndaşlar saxta ehtiyat hissəsi satan mağazadan ucuz qiymətə məhsulu əldə edir. Maşının üstünə taxıldıqdan sonra qəza baş verir. Kimsə maraqlanmır ki, bu ehtiyat hissəsini kim satır, necə satır. Bir sənəd yox, bir sertifikat yox”.
İctimai müzakirənin sonunda “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı tədbir işitrakçılarına gözdən qaça biləcək mövzulara toxunduqları üçün təşəkkürünü bildirib və qeyd olunan bütün məsələlərin təkliflər halında aidiyyəti qurumlara çatdırılacağını vurğulayıb. Tədbir xatirə fotosu ilə başa çatıb.
Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır./avtosfer.az