“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna start verir.
Yenicag.az xəbər verir ki, videomüsahibə turu 10 aprel – 1may tarixlərində keçiriləcək.
Əyani mərhələyə buraxılan 976 namizəd bu turda iştirak hüququ qazanıb. Videomüsahibə mərhələsində namizədlər təklif olunan 5 sualdan 3-ünü seçərək cavablandıracaqlar. Videomüsahibə Azərbaycan dilində olmalıdır. Videonun ölçüsü 250 MB-dan çox (daha az ola bilər), müddəti isə 3 dəqiqədən artıq (daha az ola bilər) olmamalıdır.
Qeyd edək ki, təyin olunan müddətdə iştirakçı tərəfindən video yüklənilməsə, iştirakçının əvəzinə başqası çəkilsə, təqdim olunan sualların əvəzinə aidiyyəti olmayan başqa məlumat verilsə, kənar videolar (şəxsi videolar, reklamlar və s.) yüklənilsə, videonun müddəti və həcmi tələblərə cavab verməsə, namizədlər növbəti mərhələyə keçə bilməyəcəklər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanıb.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
www.yenicag.az