Yunanıstan -Azərbaycan Gənclər Mərkəzinin rəhbəri BAMF-da olub
Bakıya səfəri çərçivəsində Yunanıstan -Azərbaycan Gənclər Mərkəzinin rəhbəri İoannes Papaqriqoriu Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib. Fondun sədri Umud Mirzəyevlə ilə görüşdə yunanlı qonaq Bakı ilə Afina arasında sosial , vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər siyasəti sahəsində əlaqələrin daha inkişaf etdirilməsi imkanları haqqında məlumat verib.
Öz növbəsində BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, Yunanıstan-Azərbaycan tərəfdaşlığı, dostluq münasibətləri həmişə normal olmalıdır. Azərbaycan üçün Avropa Birliyi əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 60 faizi Avropa Birliyinin payına düşür: “Yunanıstan da Avropa Birliyinin üzvüdür. Yunanıstanla əməkdaşlıq eyni zamanda Avropa Birliyi ilə aparılan əməkdaşlıq çərçivəsində həyata keçirilir.”
Umud Mirzəyevin sözlərinə görə , Yunanıstan Azərbaycan üçün spesifik ölkələrdən biridir. Yunanıstanla Azərbaycan arasında enerji sahəsində ciddi əməkdaşlıq var . Üstəlik Azərbaycan Yunanıstanın turizm, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsi sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biridir.
Görüşdə hər iki beynəlxalq vətəndaş cəmiyyəti təmsilçisi arasında əməkdaşlıq məsələləri geniş müzakirə olunub.