Yunanıstanın bundan sonrakı taleyi necə olacaq? – Ekspert şərhi
Elşən Mustafayev: “Referendumdan sonra hadisələr yaxın gələcəkdə Yunanıstanda sol radikal hökumətin istefasına doğru cərəyan götürəcək”
Dünən Yunanıstan əhalisi keçirilən referendumla avropalı kreditorların təklifinə “yox” cavabı verdi. Səsverməyə gələn insanların 60 faizi Yunanıstanın hazırkı radikal sollardan ibarət olan hakimiyyətin təklifini dəstəklədi. Bu fonda görəsən, vəziyyət necə olacaq? Avropa İttifaqı ilə Yunanıstan arasında münasibətlər necə cərəyan edəcək?
Yenicag.az-a açıqlama verən politoloq Elşən Mustafayevin fikrincə, referendumdan sonra hadisələr Yunanıstanın hazırkı iqtidarının istefasına doğru cərəyan edəcək: “Yunanıstanda iqtisadi böhranlar zaman-zaman baş verib. Bu fonda Afina Avropa Birliyi və ayrı-ayrı banklardan külli miqdarda kredit alıb. Lakin hazırda həmin krediti qaytarmaq gücündə deyil. Buna baxmayaraq, Avropa ölkələri hər zaman Yunanıstana kömək edirdi. Amma Afinada sol radikalların hakimiyyətə gəlməsi növbəti yardımların qarşısını aldı. Bu prosesdə hər iki tərəf bir məqsəd naminə çalışır. Yunanıstanın hakimiyyətdə olan sol radikallar ölkəsinin Avropa Birliyindən çıxacağı ilə şantaj edərək, qurumdan güzəştlər qoparmaq istəyir. Qarşı tərəf isə yunan ictimaiyyətinə çatdırır ki, seçdikləri sol radikal hökuməti ilə işləməkdə maraqlı deyillər. Bu fonda düşünürəm ki, referendumdan sonra hadisələr yaxın gələcəkdə Yunanıstanda hazırkı sol radikal hökumətin istefasına doğru cərəyan götürəcək. Referendumun nəticələrindən asılı olmayaraq, Yunanıstan Avropa Birliyindən kənarda mövcud olmayacaq. Yunanıstan hər zaman Qərbin dəstəyi altında olub. Bu gün həmin dəstəkdən imtina Afinanı daha da ağır uçuruma salacaq. Ona görə də Yunanıstanın hazırkı baş naziri tərəfindən bu fonda səslənən fikirlər bir “blef”dir. Qərbin Yunanıstan üçün qoyduğu şərtlərin yerinə yetirilməsi təqdirində də hazırkı hökumət istefaya getməyə məcbur olacaq. Yaxın gələcəkdə görəcəyik ki, hazırkı Afina hökuməti problemlərin həllinə nail ola bilməyəcək və belədə dünənki referendumda Qərbin şərtlərinə “yox” deyən seçicilər, sabah iqtidarın hakimiyyətdən getməsi üçün küçələrə çıxacaqlar. Afinanın avrozonadan çıxması mümkün deyil. Yunanıstan özü-özünü iqtisadi cəhətdən təmin etməyə qadir dövlət deyil. Onların Rusiyaya yaxınlaşacağı ehtimal edilir, amma bu gün şimal qonşumuzun özü iqtisadi cəhətdən pis vəziyyətdədir. Başqa bir tərəfdən onu da nəzərə alaq ki, Yunanıstan həm də NATO ölkəsidir. Sadəcə, hazırkı hökumət AB-dən çıxacaqları ilə hədələməklə qurumdan müəyyən güzəştlər qoparmağa çalışır. Amma Qərbin də buna gedəcəyinə inanmıram”.
ELÇİN