Tanınmış aparıcı Yusif Ağayevin Yenicag.az-a müsahibəsini iəqdim edirik.
– Veriliş zamanı bəzən atmacalarınız olur, qonaqlarınız buna görə sizdən incimir?
– Heç kimlə problem yaşamamışam. Yəqin ki, qəlbində inciyənlər olub, amma bunu büruzə verməyib.
– Etiraf edək ki, sancmağınız var.
– Sancmaq deyəndə ki, həqiqəti danışıram. Amma çalışıram verilişimə gələn qonağın qəlbini qırmayım. Mən özümü o qonağın yerində qoyuram, düşünürəm ki, əgər vaxtını ayırıb verilişimə gəlibsə, niyə onun qəlbini qırım? Bu yaşımda mənə yaraşmaz.
– Heç olubmu hansısa müğənni verilişdən əvvəl sizdən onun şəxsi sirlərini açmamağı xahiş edib…
– Mən qalmaqallı aparıcılardan deyiləm, çalışıram onlardan sənətlə bağlı nəsə soruşum.
– Sevilməyinizin sirri nədədir?
– Vallah, sevildiyimi heç bilmirəm. Amma sosial şəbəkədə mənə münasibətin yaxşı olduğunu yazırlar.
– Sizə şarm verən nədir?
– Qoca yaşda nə şarm?
– Sizə qoca demək olmaz.
– Təşəkkür edirəm. Çalışıram pozitivliyimi saxlayım. Təbii ki, hər kəsin şəxsi həyatında nəsə problemləri olur. Amma mən onları büruzə verməməyə çalışıram, mənfi enerjini ekrandan insanlara ötürmürəm.
– Maşallah, formadasınız…
– İdmana borcluyam. Mənim mənzilimdə üç dənə trenajor var. Sağlam qida və sağlam həyat tərzi mütləqdir, yoxsa sağlam qalmaq mümkün deyil. Bu il 60 yaşım olacaq e.
– Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı?
– 28 rəqəmini sevirəm, çünki həmin gündə anadan olmuşam.
– Yox, mən yaşın artmasını nəzərdə tuturam, 30-40-50-60…
– Heç vecimə də deyil, əksinə, insan daha da müdrikləşir. Keçən illərdə etdiyin səhvləri təkrarlamırsan. Artıq nəvələrim var.
– Ayağınızdan çəkmək istəyənlər olubmu?
– Olub.
– Yıxa biliblər?
– Yıxmağa çalışıblar, amma sonda qalib mən olmuşam.
– Gücü nədən almısınız?
– Mənə gücü Allahım verib, bir də anamın ruhu. Çətin vaxtlarımda anamın ruhu ilə danışmışam. Baxmayaraq ki, 15 ildir onu itirmişəm, amma o hər an yanımdadır.
– Talisman gəzdirirsiniz?
– Heç vaxt. Göz-nəzərdən də qorxmuram.
– Son qəpiyinizi nəyə xərcləyirsiz?
– Xarici ölkələrə gedəndə son qəpiyimə qədər geyimlərimə xərcləyirəm. Çünki göz önündə olduğum üçün tamaşaçılarım üçün fərqli tərzdə görünmək istəyirəm.
– Qarderobda artıq qalan paltarların aqibəti necə olur?
– Evdə dörd dənə şkafım var. Geyindiklərimi 3-4 ildən sonra bağışlayıram.
– Qonaqlarınız arasında ən çox zövq aldığınız kimlər olub?
– Desəm ki, Aygün Kazımova, əlbəttə, bu, belədir. Nazpəri Dostəliyeva , Xumar Qədimova, Mətanət Əsədova – bunlar şəxsiyyətdir, xarizmadırlar. Onlarla ünsiyyətdə olmaq zövqdür. İstədiyini onlardan ala bilirsən.
– Bəzi kişilərin ən zəif nöqtəsi pul və qadındır… Bəs sizdə?
– Yox, məndə nə puldur, nə qadın. Ən zəif nöqtəm qarnımdır. Aclığa heç dözümüm yoxdur.
– Buna görə evdə dava salmırsız ki?
– Əlbəttə, mən ac olanda qarşıma heç kim çıxmamalıdır. Mən yeyəndən sonra sakitləşirəm, yoxsa it kimi oluram. Mənim üçün evdə xüsusi yeməklər hazırlanır, çünki hər xörəyi yemirəm.
– Bezmirlər sizdən?
– Çarələri yoxdur, çünki onlar buna məhkumdur.
– Elə söz düşmüşkən, ən zəhlətökən xüsusiyyətiniz hansıdır?
– Son dərəcə “mız-mız”am. Hər şeydə qüsur axtaran adamam, mənimlə işləynə uşaqlar bunu bilir.
– Bəs hansı xüsusiyyətinizlə öyünürsünüz?
– Hədəfə çatmaq üçün əlimdən gələni edirəm.
– Nə əcəb saçınızı boyamırsınız?
– Əstəğfurullah. Saçımın belə gümüşü rəngdə qalması üçün xaricdən xüsusi şampunlar gətizdirirəm.
– Demək ki, kompleksiniz yoxdur?
– Əksinə, bununla aparıcılar arasında seçilirəm.
– Həsəd apardığınız həmkarınız varmı?
– Var, o Amerikada yaşayan Çimmi Kimmeldır. Onu çox bəyənirəm. Amma onun kimi veriliş aparsam, onda gərək məni ölkədən deport etsinlər.
– Barı onun yaşadığı lüks həyatı siz də yaşaya bilirsinizmi?
– Yox, nə qlamur, nə də lüks həyat yaşamıram. Sakit həyat yaşayıram.
– Bunun üçün pulunuz yetirmi?
– Mənə görə yetir. ATV kanalı hər zaman mənim kaprizlərimi yerinə yetirir.
Cəvahir
www.yenicag.az