Yüz il əvvəl kəşf edilən SİRR: Niyə Süd Yolunun ətrafında nəhəng kosmik təbəqə var?
Təxminən bir əsr əvvəl astronom Edvin Habl, demək olar, bütün qalaktikaların Süd Yolundan uzaqlaşdığını kəşf etdi. Bu müşahidə müasir kosmologiyanın təməl daşına çevrildi, çünki kainatın genişlənməsinə və onun Böyük Partlayışla başladığına dair əsas sübutlar təqdim etdi. Lakin hətta Hablın dövründə belə astronomlar bu modelin universal olmadığını bilirdilər. Bunun ən diqqətçəkən istisnası Süd Yoluna saniyədə təxminən 100 kilometr sürətlə yaxınlaşan qonşu qalaktikamız Andromedadır.
Təxminən əlli ildir ki, alimlər bununla bağlı başqa bir sirr üzərində baş sındırırlar. Andromeda istisna olmaqla, yaxınlığımızdakı əksər böyük qalaktikalar qravitasiya tərəfindən içəri çəkilmək əvəzinə, bizdən uzaqlaşırmış kimi görünürlər. Bu təəccüblü görünür, çünki həmin qalaktikalar yerli qrupun yaxınlığında yerləşir və onların birgə kütləsi hiss oluna biləcək qravitasiya təsiri göstərməlidir.
Beynəlxalq tədqiqat qrupu bunun izahını tapdıqlarına inanır. Təkmil kompüter simulyasiyalarından istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, yerli qrupu əhatə edən maddə on milyonlarla işıq ili məsafəsinə uzanan geniş, yastılaşmış struktur şəklində düzülüb. Bu struktur yalnız adi maddəni deyil, həm də qalaktikaları əhatə edən görünməz qaranlıq maddəni də əhatə edir. Bu yastılaşmış bölgənin üstündə və altında isə kosmik boşluqlar kimi tanınan nəhəng boş ərazilər yerləşir.
Simulyasiyalar göstərir ki, maddənin bu cür düzülüşü ətrafımızda müşahidə olunan qalaktikaların həm mövqelərini, həm də sürətlərini dəqiqliklə təkrar edə bilir. Başqa sözlə, kompüter modeli astronomların real kainatda gördükləri eyni qanunauyğunluqları uğurla yenidən canlandırır.
Alimlər öz modellərini qurmaq üçün kainatın erkən dövrlərindəki şərtlərdən başlayıblar. Onlar Böyük Partlayışdan qısa müddət sonra maddənin necə paylandığını təxmin etmək üçün kosmik mikrodalğalı fon şüalanması ölçmələrindən istifadə ediblər. Daha sonra güclü kompüter bu erkən kainatı zaman daxilində irəli aparıb və nəticədə müasir yerli qrupa uyğun gələn sistem yaradıb.
Eldə edilən simulyasiyalar Süd Yolu və Andromedanın kütlələrini, yerlərini və hərəkətlərini, eləcə də yerli qrupun həmən xaricindəki 31 qalaktikanın mövqelərini və sürətlərini eynilə təkrar edir. Model ətraf mühitimizə çox bənzədiyi üçün tədqiqatçılar onu kosmik mühitimizin “virtual əkiz”i kimi təsvir edirlər.
Modelə maddənin yastı paylanması daxil edildikdə ətrafdakı qalaktikalar bizdən realda müşahidə olunan sürətlərə bənzər şəkildə uzaqlaşırlar. Yerli qrupun qravitasiya cazibəsinə baxmayaraq, müstəvi daxilindəki qalaktikalar həmin müstəvi boyunca yayılmış əlavə kütlənin təsirinə məruz qalırlar. Bu uzaq kütlə yerli qrupun cazibə qüvvəsini tarazlaşdırır. Bu arada, müstəvidən kənarda qalan bölgələrdə çox az qalaktika var ki, bu da həmin istiqamətlərdən bizə tərəf düşən obyektləri niyə görmədiyimizi izah edir.












