Zakir Həsənovun yeni müavini barədə bilmədikləriniz… – “Ağ kağız”

Kərim Vəliyev təmiz fəaliyyətinə görə, Səfər Əbiyevin “qara siyahı”sındaydı

 Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

Ç. Məmmədov ordudan ehtiyata bu gün göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.

Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

YENİCAG.AZ-ın araşdırmasına görə, Kərim Vəliyevə gəlincə, ordudakı ən təmiz generallardan biri hesab olunur. O, xalq şairi Səməd Vurğunun qohumudur. Belə ki, anası Səməd Vurğunun yaxın qohumu Leyla Kərim qızı Vəkilovadır.

O da bildirilir ki, orduda təmiz fəaliyyətinə görə, ləqəbi “Ağ kağız” olan Kərim Vəliyev Səfər Əbiyevin “vurduğu” kadrlardan biri idi.  General-leytenant Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib. 
Daha sonra isə Bərdə hərbi birləşməsinin komandiri vəzifəsində xidmət edib. 2000-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. Hərbi Elmi Mərkəzdə aparılmış ştat dəyişikliyi ilə əlaqədar bir müddər müdafiə nazirinin sərəncamında olmuşdur. Daha sonra isə general-leytenant Kərim Vəliyev nazirliyin Hərbi Strateji Araşdırmalar Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Daha sonra isə Bakı Hərbi Birləşməsinin və 4-cü korpusun komandiri vəzifələrini tutub. 

Kərim Vəliyev Qarabağ döyüşləri zamanı

Kərim Vəliyev Qarabağ döyüşləri zamanı

COP29