Zakir Qaralov sakinləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov sentyabrın 19-da Zaqatala Rayon Prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl baş prokuror və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror Zakir Qaralov bölgədə yaşayan30-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub. (azertag.az)