“İndiki şəraitdə Zalujnının postunda qalıb-qalmaması müharibənin gedişinə heç bir təsir göstərməyəcək”.
Bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenskinin ordunun baş komandanı Valeri Zalujnı və digər yüksək vəzifəli şəxsləri istefaya göndərmək niyyətini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Zelenski ilə Zalujnı arasında problemin kökü ordu komandanının verdiyi açıqlamalarla bağlıdır:
“Fikrimcə, Zelenskinin Zalujnı ilə münasibətlərinin gərginləşməsi hakimiyyət daxilində parçalanmaya səbəb olmayacaq. Açığı, Zalujnının o postda olub-olmaması heç nəyi dəyişməyəcək.
Çünki siyasi statusu olmayan ordunun baş komandanı Zalujnıdan əvvəl Ukraynanın müdafiə naziri var. Zalujnı ilə Zelenski arasındakı problemin kökü onun açıqlamaları ilə bağlıdır. Digər tərəfdən, Ukrayna əsrilərini daşıyan təyyarənin vurulması da hələ ki qaranlıq qalır.
Hesab edirəm ki, Zalujnının o postda qalıb-qalmaması müharibənin gedişinə heç bir təsir göstərməyəcək. Rusiya mediasında Zalujnı məsələsinin çox qabardılması da göstərir ki, o çox yaxşı komandandır. Ona görə də, Rusiya bu işdə, yəni Zalujnının getməsində maraqlı görünür”.
Səxavət Məmməd
www.yenicag.az