Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hərbi administrasiyasına iki ildir rəhbərlik edən Sergey Popkonu işdən çıxarıb.
Yenicag.az xəbər verir ki, o, digər sərəncamla Popkonun yerinə Timur Tkaçenkonu təyin edib.
Qeyd edək ki, Tkaçenko əslən azərbaycanlıdır. O, 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub. 2013-cü ildə Kiyev Milli Universitetini bitirib, beynəlxalq iqtisadiyyat ixtisasına yiyələnib və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra hüquqşünaslıq oxuyub.
O, strateji sənaye nazirinin keçmiş müavini, 2024-cü ilin sentyabr ayından icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsində çalışıb.
Nazir müavini təyin olunmazdan əvvəl Tkaçenko Kiyev şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə piyadalar üçün yeraltı keçidlərin saxlanmasından tutmuş çimərliklərin inkişafına qədər müxtəlif sahələrə cavabdeh olub.
34 yaşlı azərbaycanlı gənc yaşlarından Ukraynanın dövlət qurumlarında təcrübə toplayıb.
Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə mərhum nümayəndəsi Firudin Məmmədovun oğludur. Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Firudin Məmmədov ötən il vəfat edib.
www.yenicag.az