“İndiki vəziyyətdə Ukraynada müharibənin uzadılması üçün perspektiv qalmayıb”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin ikinci sülh sammiti ilə nə demək istədiyini hələ də anlamır” bəyanatını şərh edən politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Peskovun bəyanatı eynən qorxan adamın “gəlib səni vuraram” ifadəsinə bənzəyir.
“Zelenski Vaşinqtonda keçirilən NATO sammitindən sonra pessimist mövqe sərgilədi. Görünür, ABŞ prezidenti Co Bayden istəyini yerinə yetirməyib. Yəni uzaqmənzilli raketlərdən və qırıcı təyyarələrdən istifadəyə icazə verməyib.
İndiki vəziyyətdə Ukraynada müharibənin uzadılması üçün perspektiv qalmayıb. ABŞ, Rusiya və digər maraqlı dövlətlər istəyinə nail olub. Peskov guya Zelenskini başa düşmədiyini desə də əslində hər şeyi çox yaxşı başa düşür. Sadəcə olaraq biruzə vermək istəmir”, – deyə o bildirib.
C.Nuriyev əlavə edib ki, Peskovun bəyanatı eynən qorxan adamın “gəlib səni vuraram” ifadəsinə bənzəyir.
“Əgər gücləri çatsaydı, Kiyevə qədər gedib çatardılar. Eyni zamanda, istər hərbi, istərsə də digər sahələrdə resursları da tükənmək üzrədir. Bu səbəbdən Rusiya məğlubiyyəti qalibiyyət kimi gündəmə gətirməyə çalışır. İstədiklərinə nail oldu deyə, hazırda Ukrayna ilə sülh sazişi əldə etmək istəyir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az