Zelenskinin “9 May” TƏHDİDİ – Blef, yoxsa geopolitik GEDİŞ?
“Düşünmürəm ki, Ukrayna prezidenti Volodimir Zelenski 9 May paradına ciddi şəkildə təsir göstərə bilər. Onun edə biləcəyi ən yaxşı – daha doğrusu, ən pis – hal Moskvaya əvvəllər də göndərilmiş dron hücumları ola bilər. Amma həmin dronlar elə də ciddi nəticə verməyib, çünki Moskva kifayət qədər uzaqdadır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Analitik sabah Moskvanın Qızıl meydanın İkinci Dünya müharibəsində nasizm üzərindəki qələbənin 80 illiyi ilə bağlı keçiriləcək hərbi parada Ukraynanın dronlarla müdaxilə etməsi ehtimallarını şərh edib.
Analitikin fikrincə, Zelenskinin bu açıqlaması daha çox blef xarakteri daşıyır:
“O çalışır, daha doğrusu, istəyir ki, bir daha Putinin işğalçı ritorikasına və ümumiyyətlə, onun işğalçılıq siyasətinə diqqəti yönəltsin. Amma reallıq budur ki, Putin həmin dövr ərzində qısamüddətli atəşkəs elan etmişdi. Ukrayna isə aydındır ki bunu qəbul etmədi. ABŞ də qəbul etmədi, çünki bu atəşkəs nə ABŞ-nin nə də Qərbin maraqlarına uyğun gəlirdi. Çünki Rusiyaya uyğun olan bir atəşkəs sonda davamlı sülhə gətirib çıxarmayacaq”.
S. Zahidovun qənaətinə görə, əsas məsələ ondan ibarətdir ki, qısa müddətdə atəşkəs əldə olunsun və tərəflər danışıqlar masasına otursunlar:
“Amma bu, indiki mərhələdə olduqca çətin görünür. ABŞ-nin irəli sürdüyü 100 günlük müddət artıq başa çatıb. Bu müddət ərzində müəyyən danışıqlar və irəliləyişlər olsa da, nəticə etibarilə ciddi bir uğura imza atılmadı. Reallıq budur ki, döyüşlər bu gün də davam edir. Ukraynanın təxminən 20 faiz ərazisi hələ də işğal altındadır və ortada konkret nəticə yoxdur. Bu səbəbdən müharibənin daha da uzanması ehtimalı yüksəkdir. Müharibə uzandıqca, eskalasiyanın genişlənməsi riski də artır”.
“Strateji əhəmiyyət daşıyan ərazilər, məsələn, Pokrovsk kimi bölgələrin ələ keçirilməsi Rusiyanın daha geniş əraziləri nəzarət altına almasına səbəb ola bilər. Bu isə vəziyyəti daha da kritik edir. Məhz bu səbəbdən atəşkəs, əslində, bu gün Ukrayna üçün daha vacibdir. Bunu Putin də anlayır və ona görə də müxtəlif bəhanələrlə atəşkəsin əldə olunmasını uzadır. O, gah Zelenskini legitim prezident kimi tanımadığını bildirir, gah Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsinə etiraz edir, gah da Ukraynanın Krımı Rusiya ərazisi kimi tanımasını tələb edir. Bütün bu amillər açıq şəkildə göstərir ki, atəşkəsin əldə olunmasının qarşısını almaqla Rusiya Ukraynada hərbi və geosiyasi məqsədlərinə çatmağa çalışır”.
Rafi Müslümov