Zelenskinin rezonansdolu ÇIXIŞI – Kiyevdən gələn ULTİMATUM KİMƏDİR?
“Ukrayna dövlətinin başçısı Volodimir Zelenskinin mövqeyi və Rusiya qarşısında dik duruşu bu müharibənin gedişində çox böyük rol oynayıb”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi 24 avqust – Ukraynanın Müstəqillik Günündə ölkə başçısı Volodimir Zelenskinin ərazi güzəştləri ilə bağlı səslədiyi fikirlərə münasibət bildirib.
A. Qasımovun sözlərinə görə, onun bir dövlət başçısı kimi mövqeyinə, əslində, bir çox dövlət başçıları həsəd apara bilər:
“Təbii ki, heç bir dövlət başçısı Zelenski kimi müharibə vəziyyətində dövlət idarə etmək istəməz. Amma ölkə məcburi şəkildə müharibəyə cəlb olunarsa, bu durumda ölkəni necə idarə edəcəyini də bir çox rəhbərlər bacarmaz”.
Müsahibimizin fikrincə, Zelenskinin son çıxışı da onu deməyə əsas verir ki, Ukrayna dövləti Rusiyanın, xüsusən də Putinin qarşısında sona kimi cəsarətlə dayanacaq:
“Zelenskinin qəti duruşu Avropa və Qərb liderlərinin də Rusiya qarşısında qəti mövqeyinə təsir edib formalaşdırıb. Zelenski zəiflik göstərsəydi, onlar da çoxdan Ukraynanı Putinə təslim etmişdilər. Bu tendensiya indi də davam edir. Hər həlledici hesab olunan görüş sonrası Ukraynanın təslim olacağı və ya torpaq güzəştinə gedəcəyi deyilsə də, Zelenskinin mövqeyi bu fikirləri alt-üst edir. Müharibənin nəticəsini Ukrayna xalqı və ordusunun qətiyyəti həll edəcək, Putinin inadı yox”.
Rafi Müslümov