“Zəmanəmizin qəhrəmanı” və ya “hiyləgər tülkü”
Qahirədə Putini “zəmanəmizin qəhrəmanı” və “hiyləgər tülkü” hesab edirlər.
Rusiya prezidentinin Misirə rəsmi səfəri Qərb mediasının diqqət mərkəzindədir. Biz də həmin diqqətin müxtəlif məqamlarını oxycularımızın diqqətinə çatdırırıq.
“The Guardian” yazır: ”Rusiya prezidenti 2 günlük rəsmi səfərlə Qahirəyə gəlib. Rəsmən bildirilən odur ki, tərəflər Rusiya və Misir arasındakı münasibətləri gücləndirmək əzmindədir. Təbii ki, hər iki dövlət bu görüşlə ABŞ-a müəyyən siqnallar göndərirlər”.
“Putin şou göstərir və nümayiş etdirir ki, o, təcrid olunmayıb”, – Rusiya imperiyası və Putin haqqında kitab yazan Ben Cuda yazır və qeyd edir ki, Putin vəziyyət gərgin olanda Krıma və Hindistana da getmişdi. İndi isə Minskdə 4 liderin görüşü gözlənilir.
Qahirənin hər yerində isə Putinin yüzlərlə plakatı asılıb və “Welcome” yazılıb. Jurnalistlər qeyd edirlər ki, plakatlar üzərində ərəb və rus dillərində yazılar çox azdır. Bu isə onu deməyə əsas verir ki, rəsmi Qahirə okeanın o biri üzünə mesaj verir.
Putin də öz növbəsində Ukrayna böhranından bir qədər uzaqlaşıb, Avropa Birliyinə və ABŞ-a Misirlə yaxınlığını nümayiş etdirməklə, onu bildirir ki, Rusiyanı təcrid etmək mümkün olmayacaq.
Qərb mediası yazır ki, Misir heç vaxt, heç bir xarici liderə belə dəbdəbəli qarşılanma törəni nümayiş etdirməyib. Misirin dövlət qəzeti “Əl-Əhram” isə birinci səhifəsində “Putin zəmanəmizin qəhrəmanıdır” başlıqlı məqalə verib.
Qərb mediası yazır ki, Putin Ukrayna böhranına görə bütün Avropanın nəfəsini kəsib. Belə bir lider Misirin yeni rəhbərliyi üçün olduqca cazibədardır, axı Putin Avropanın burnunu ovdu. Rusiya insan hüquqlarının vəziyyətinə görə narahat deyil, hüquq mühafizə orqanlarının törətdiyi özbaşınalıqlar çoxdan yaddan çıxıb.
Siyasi təhlilçilər qeyd edirlər ki, Rusiya Misirə ən çox buğda satan ölkədir. Rusiya şirkətləri Misirin qaz və neft sənayesində yer almaq arzusundadır. Misir isə Rusiyanın köməyi ilə Atom Elektrik Stansiyası tikmək istəyir. Rusiya kapitalını və turistlərini cəlb etməyi düşünür. Misir Rusiyadan qaz və silah almaqda da maraqlıdır.
Təhlilçilər yazırlar ki, Vaşinqton rəsmi Qahirəni insan hüquqlarını pozmaqda ittiham etdikcə, Rusiya və digər anti-demokratik ölkələr asanlıqla Misirdə möhkəmlənəcək və Amerikanın Misirdəki maraqlarına zərbə vuracaqlar.
“Çeçenistanda müsəlman mücahidləri qıran Putin indi Suriyada İŞİD-ə qarşı savaşda Bəşər Əsədə dəstək verir. “Müsəlman qardaşları” təşkilatının yüzlərlə üzvü haqqında edam hökmü çıxaran Misir iqtidarı ilə qucaqlaşır”, – deyə “The Independent” yazır. Qəzet qeyd edir ki, Rusiya lideri üçün də qanuni prezidenti devirən bir generalla birarada olmaq daha xoşdur.
Misirdə Putin haqqında deyilən təriflər arasında onun “hiyləgər tülkü” adlandırılması da Qərbdə maraqla qarşılanıb.
O da qeyd olunur ki, Misir də, Rusiya da hazırda “qanlı əməllərinə görə” Qərb tərəfindən ciddi tənqid olunur. Bu amil də onları bir-birinə dəstək verməyə vadar edir.
Putin bu səfərində “terrora qarşı” Moskva-Qahirə-Dəməşq alyansı yaratmağa çalışacaq. Böyük ehtimalla Rusiya Misirin nəzərində Vaşinqtondan daha etibarlı müttəfiq kimi ucalacaq.
(musavat.com)