Zəngəzur dəhlizində YENİ İDDİA: ABŞ şirkəti idarə edəcək, Türkiyə isə... – DETALLAR
“Dəhlizin təhlükəsizliyi isə yaxın NATO dövləti olan Türkiyəyə veriləcək”.
Bu fikri Zəngəzur dəhlizinin ABŞ şirkətlərinə icarəyə verilməsi və buna Ermənistanın da razılıq verdiyi iddialarını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin mövqeyi həlledici ola bilər:
“Dünya praktikasında dəhlizin icarəyə verilməsi ilə bağlı praktikalar var. Bu məsələdə başqa nüanslar da mövcuddur. Zəngəzur 20-ci əsrin əvvəlində Azərbaycandan alınıb Ermənistana verilib və hazırda dəhlizə iddialı qüvvələr var. İran istəmir ki, dəhliz kiminsə, eləcə də Rusiyanın nəzarəti altında olsun. Hətta bununla bağlı İranla Rusiya arasında diplomatik mübahisə də oldu. Digər tərəfdən, Ermənistana təsir etsin və Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan 10 noyabr atəşkəs müqaviləsinin 9-cu bəndinə əməl edilsin”.
“ABŞ-nin hazırda Zəngəzur dəhlizi ilə bağlı mövqeyi var. Bu artıq ABŞ prezidenti Donald Trampın dilindən də səsləndi. Hesab edirəm ki, Zəngəzur dəhlizi ABŞ şirkətinə veriləcək. Bundan sonra Rusiya və İran müdaxilə edə bilməyəcək və dəhlizin təhlükəsizliyi məsələsi gündəmə gələcək. ABŞ şirkəti dəhlizin idarəçiliyini edəcək, iqtisadi məsələləri həll edəcək. Dəhlizin təhlükəsizliyi isə yaxın NATO dövləti olan Türkiyəyə veriləcək və bununla da məsələ yekunlaşacaq. Əgər bu məsələ Trampın dilindən səslənibsə, bunun geriyə qüvvəsi yoxdur”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd