Zəngəzur dəhlizinin REALLAŞMASI: "Məsələ Xankəndiyə nəzarətlə bitməlidir" - Hərbi ekspert

media-hightechnic-468x90

“2024-2025-ci ildə Qarabağdakı açıq qalan problemlərin həlli üçün müsbət şeylər görə bilərik. 2024-cü ildə Rusiyada, 2025-ci ildə isə Azərbaycanda prezident seçkiləridir. Bu dönəmdə müsbət hadisələrin şahidi ola bilərik. Misal üçün, Tərtərdən Kəlbəcərə yolun açılması ilə bizi sevindirə bilərlər. Bu isə, əslində, ikinci dərəcəli məsələdir”.

Bu fikirləri Zəngəzur dəhlizi ətrafında gedən proseslər, Azərbaycanın əlindəki təzyiq vasitələri və gələcəkdə baş verəcək hadisələri şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Laçın dəhlizi uzun müüddət eyni statusda qalacaq:

“Laçın rayonu ərazisindən keçən, sözün əsl mənasında, dəhlizdir. 3 il ərzində yeni Laçın dəhlizi çəkilməlidir. Razılaşmaya əsasən, rayon mərkəzindən kənardan dəhliz keçməlidir. Bu, yenə də dəhliz olacaq. Faktiki olaraq keçmiş Dağlıq Qarabağla Ermənistan eyni məkandadırlar. Azərbaycanın ora müdaxiləsi yoxdur.

Zəngəzur dəhlizi sözü olmayacaq. Soçi görüşündə də Zəngəzurdan keçəcək dəmiryolu layihəsi vardı. Bunun hüquqi rejimi müəyyənləşməmişdi. Brüsseldə bəlli oldu ki, Zəngəzurdan dəhliz keçməyəcək. Avropa İttifaqı prezidenti Şarl Mişelin və Paşinyanın açıqlamasından görünür ki, beynəlxalq sərhəd və gömrük qayda-qanunlarına uyğun olaraq hər kəs qarşılıqlı olaraq istifadə edəcək. Ermənistan öz mallarını Rusiyaya, Rusiya Ermənistana daşıyacaq. Azərbaycan isə yüklərini dəmiryolu vasitəsi ilə Naxçıvana daşıyacaq. Burada sərnişin qatarı nəzərdə tutulmayıb. Naxçıvana hansı yük aparılacaq, Naxçıvandan hansı yük gələcək, bəlli deyil. Həmin yol Ermənistan və Rusiya tərəfindən gen-bol istifadə olunacaq. Bu daha çox Rusiyaya sərf edir. Ermənistan İran dəmiryoluna da qoşulacaq. Perspektivdə bu dəmiryolundan Türkiyə və Çin də istifadə edəcək. Bu, gələcəyin işidir. Ən əsası odur ki, bu yol yoxdur. Yolun çəkilməsini Ermənistan öz üzərinə götürüb. Ermənistan dəmiryolu Rusiyanın Cənubi Qafqaz dəmiryol idarəsinin sisteminə daxildir. Orada onların mülkiyyət hüququ yoxdur. Ermənistan verib Rusiyaya. Nəzərdə tutulan yolu isə Ermənistan özü çəkməlidir. 44 kilometrlik dəmiryolunu Ermənistan 4 ilə çəkəcək, yoxsa yox. Mövcud maliyyə imkanları ilə bu, çətin olacaq. Rusiya kömək etsə, 4 ilə yox, təxminən 2 ilə o yol çəkilə bilər. Magistral yol nəzərdə tutulmayıb. Ermənistan tərəfi magistral yola razılıq verməyib. Bu o deməkdir ki, Laçın dəhlizi uzun müddət dəhliz statusunda qalacaq. Yol çəkiləndən sonra statusa yenidən baxılacaq. Bu isə məsələnin uzanması anlamına gəlir”.

Ekspertin sözlərinə görə, Xankəndiyə nəzarət əsas məsələ olmalıdır:

“Azərbaycan Xankəndiyə nəzarət etsə, hesab etmək olar ki, sərhədimiz Xankəndidədir. Ona görə də Azərbaycanın əlində yeganə təzyiq vasitəsi 10 noyabr bəyanatının bütün müddəalarına əməl edilməsidir. Qarşıda 3 il vaxt var, bu müddətdə ciddi işlər görmək lazımdır. Ən strateji addım qaçqınların köçürülməsi olmalıdır. Bunun üçün qaçqınların Xankəndinə, Şuşanın 33 kəndinə, Xocavəndin kəndlərinə, Ağdərənin kəndlərinə köçürtmək lazımdır. Təzyiqimiz bu olmalıdır. Birgə yaşayış üçün tikintiyə başladığımızı da elan etməliyik. Məsələ Xankəndiyə nəzarətlə bitməlidir. Laçın dəhlizi məsələsini yenidən gündəmə gətirsək, proses bir neçə il uzanacaq.

Azərbaycan Türkiyə ilə birgə hərəkət etməsə, bizi ciddiyə almayacaqlar və nəticə əldə etmək də çox çətin olacaq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600