!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zeytun budağı”nın əsas hədəfi Afrin yox, Mənbicdir” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Mənbicə hücum Amerikanın türk-kürd qarşıdurmasına real münasibətini göstərəcək”.

Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Yenicag.ru-ya müsahibəsində Türkiyənin Suriyada başladığı “Zeytun budağı” əməliyyatı və bu çərçivədə ABŞ-Türkiyə münasibətlərini dəyərləndirib.

O, ABŞ-ın Suriya-Türkiyə sərhədində 30 minlik “ərəb-kürd hərbi birləşməsi” yaratdığına dair iddiaları “blef” adlandırıb:

“Mən az qala bütün ekspertlərin ABŞ-ın guya Suriyada 30 min nəfərlik “ərəb-kürd sərhəd ordusu” yaratması haqda fikirlərini təkrarlamayacam. Bu, Pentaqonun uğursuz blefidir. Onsuz da, Amerikanın əlinin altında əhəmiyyətli kürd qüvvələri var. Yeni nə yaradasıdır ki?

İndi mühüm olan məqam kənardan kiminsə ABŞ-Türkiyə münasibətlərini qiymətləndirməsi yox, amerikanların özlərinin bununla bağlı nə düşünməsidir. Hazırda ABŞ rəsmilərinin bu barədə ciddi reaksiyalarını görmürük.

Hətta ABŞ-ın nüfuzlu nəşrləri də bu çərçivədə “olimpiya sükutu” nümayiş etdirirlər. Onlar sadəcə, Türkiyənin Suriyada hərbi əməliyyata başlaması, hər iki tərəfdən itkilərin olması haqda məlumat verməklə kifayətlənirlər.

Yaxşı, tutaq ki, Türkiyə YPG-ni 18 mil məsafədə geriyə sıxdı, yaxud da ola bilsin ki, nəzərdə tutduğu “təhlükəsizlik zolağı”nı yarada bilmədi. Onda nə baş verəcək? Türkiyə NATO-dan çıxacaq, yoxsa, amerikanları “İncirlik” bazasına buraxmayacaq? Əlbəttə ki, bunlar olmayacaq. Türkiyənin heç bir addımı ABŞ-ın Suriyadakı prioritetlərini – Rusiya ilə İranı o ölkədən çıxarmaq, Əsədə isə Səddam Hüseynlə Qəddafinin aqibətini yaşatmaq – dəyişməyəcək”.

Ekspertin sözlərinə görə, kürdlər hazırda ABŞ-dan incisələr də, ondan “qopmayacaqlar”:

“Bu arada Amerikanın Yaxın Şərqdəki ən döyüşkən generalı Tomas Raymond bildirdi ki, artıq indiki şəraitdə PKK onun nəzərində marksist yox, demokratik təşkilatdır. Amerikanlar “demokrat” dedikdə, özlərinin yaratdığı və silahla təchiz edərək Əsədlə müharibəyə hazırladıqları hərbi birləşmələri nəzərdə tuturlar.

Hazırda kürdlər ABŞ-ın hərəkətsizliyindən çox narazıdırlar. Ancaq onlar indiki vəziyyətdə Amerikadan “qopmağı” düşünmürlər. Amerika da Əsədi devirmədən Suriyanı tərk etməyə hazırlaşmır. Əgər Əsədi devirmək mümkün olmasa, o zaman Amerika Suriyanın parçalanması prosesini başladacaq. Amerika öz məqsədlərinə çatmaq üçün gözləməyi bacarır”.

Sinitsin qeyd edib ki, Türkiyənin “Zeytun budağı” əməliyyatının əsas hədəfi Afrindən çox, Mənbici ələ keçirməkdir:

“Zeytun budağı” əməliyyatı haradasa 2016-ci ildə keçirilmiş “Fərat qalxanı” əməliyyatını xatırladır. Sadəcə, “Fərat qalxanı” əməliyyatı İŞİD-ə qarşı yönəlmişdi. O əməliyyat da sürətlə başladı və İŞİD-çilər müqavimət göstərmədən öz mövqelərini tərk edib geri çəkildilər. Cərablus məntəqəsi isə minimal itkilərlə “psevdoxilafət”çilərdən təmizləndi.
Ancaq sonra Türkiyənin dəstəklədiyi Suriyanın müxalifət qüvvələri Əl-Babın ələ keçirilməsində ləng hərəkət etsələr də, sonda oranı nəzarətə götürdülər. Ancaq bu lənglik üzündən Mənbic şəhəri ABŞ-ın dəstəklədiyi kürd birləşmələrinin əlinə keçdi.

Mənə belə gəlir ki, “Zeytun budağı” əməliyyatının əsas hədəfi Afrindən çox, Mənbicin götürülməsidir. Çünki kürdlər məhz Mənbicdə ciddi müdafiə xətti yaradıblar. Mənbic həmçinin Türkiyə ordusu ilə kürd birləşmələrinin real gücünü, o cümlədən, Amerikanın türk-kürd qarşıdurmasına real münasibətini göstərəcək “Lakmus kağızı” ola bilər”.

www.yenicag.az

1854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv