“İnsan orqanizmi üçün olduqca faydalı bostan bitkisi sayılan qarpız alarkən həm də son dərəcə diqqətli olmaq lazımdır. Tərkibində nitrit miqdarı artıq olan qarpız insanı zəhərləyərək onun həyatına son qoya bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Ekspert yayın ən dadlı bostan məhsulunu alarkən insanları diqqətli olmağa səsləyib:
“Azad İstehlakçılar Birliyi illərdir ki, xüsusi cihaz vasitəsi bazarlarda satışa çıxarılan qapızların tərkibini yoxlayır. Məhsula vurulan nitrit, gübrələrin miqdarını müəyyən edir. Təəssüf ki, bazarlarda təmiz qarpız tapmaq çətindir. Qarpız alarkən insanlara diqqətli olmağı tövsiyə edirəm. Mütləq sadaladıqlarıma diqqət yetirmək lazımdır ki, zəhərlənmə təhlükəsi ilə üz-üzə qalmasınlar. Birincisi alınan qarpızın çəkisi 4-5 kilodan böyük, qabığının qalınlığı 5 millimetrdən artıq olmamalıdlr. Qarpıza bıçaq dəyən kimi partlamalı, rəngi alqırmızı olmalıdır. İçərisi çəhrayı rəngdə olan qarpıza demək ki, gübrə həddən artıq çox verilib. Eyni zamanda, qarpızda ağ zolaqlar da gübrənin artıqlığından xəbər verir”.
E.Hüseynov yerli qarpız növlərinin də getdikcə sıradan çıxarılması ilə bağlı narahatlığını ifadə edib:
“Bu gün bazarlarda satışa çıxarılan Amerika sortudur. İritumlu qədim və yerli qarpızların bərpasına çox ehtiyac var”.
Cəvahir
www.yenicag.az