“Böyük Britaniya ilə Ukrayna arasında “100 illik tərəfdaşlıq” adlı sazişin məhz bu məqamda imzalanmasının bir çox səbəbləri var”.
Bu sözləri Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.
Analitik Ukrayna və Böyük Britaniya arasında imzalanan məlum sazişin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, birincisi, Rusiya əvvəllər əldə etdiyindən daha böyük nailiyyətlər qazanır:
“Ruslar Şərqi Ukraynada – Donbasda Pokrovskun cənub-qərbinə gedən əsas magistral yol və dəmir yolunu kəsib. Bu, Rusiyaya göstərilən bir siqnaldır ki, Avropa İttifaqı (Aİ) və NATO-dakı siyasi çalxantılara baxmayaraq, Böyük Britaniya Ukraynanı qətiyyətlə dəstəkləyir.
İkincisi, bir neçə gün sonra Tramp administrasiyası işə başlayacaq və prezident seçilmiş Tramp bir neçə dəfə Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edib. O, açıq şəkildə bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyini azaldacaq və ya tamamilə dayandıracaq və Ukraynanı Rusiya ilə kompromis razılaşmaya məcbur edəcək. Böyük Britaniyanın Baş naziri Kir Starmer də sol mərkəzçi Leyborist Partiyasından çıxış edərək, ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibətlərə baxmayaraq, İngiltərənin ABŞ-nin bütün siyasətlərini dəstəkləməyəcəyini, o cümlədən Ukrayna tərəfdarı mövqedən fərqli bir yol izləyəcəyini nümayiş etdirir”.
“Üçüncüsü, bu, daxili bir səbəblə bağlıdır. Yalnız bir müddət əvvəl seçilmiş Baş nazir Starmer Böyük Britaniya iqtisadiyyatını transformasiya etməyə çalışır və ölkə əhalisinin böyük bir hissəsi üçün vergiləri artırıb. O, populyarlığını qoruyub saxlamaq üçün Ukraynaya dəstək və anti-Rusiya mövqeyinə ehtiyac duyur, çünki Rusiya və ondan öncə də SSRİ son bir əsrdə Qərbin düşməni kimi qəbul olunub. Bundan əlavə, o, artıq Ukraynaya ayrılmış 12 milyard funt sterlinqi və Ukraynaya “nə qədər lazımdırsa” hər il 3 milyard funt sterlinq ayırmaq vədini əsaslandırmalıdır”, – həmsöhbətimiz əlavə edib.
N. Uotson onu da vurğulayıb ki, Böyük Britaniya və Fransa hərbi kontingentlərin göndərilməsinə yaxınlaşsalar da, hələ də Rusiya ilə birbaşa qarşıdurmadan çəkinirlər:
“Rusiyanın “xüsusi hərbi əməliyyatlar”ı güclü mövqedədir. Starmerin bəyanatlarına baxmayaraq, münaqişə NATO-nu daha sıx birləşdirməyib, çünki ABŞ Ukraynaya dəstəyini azaldır və ya dayandırır, Rusiya isə müttəfiqlər qazanır. Məncə, sağlam düşüncə üstünlük təşkil edəcək və Rusiya ilə Böyük Britaniya-Fransa qoşunları arasında birbaşa qarşıdurma baş verməyəcək”.
Rafi Müslümov
www.yenicag.az