Trampın Xark adası planı: ABŞ İrana quru qoşunları ilə girəcək? – TƏHLİL
“Yaxın Şərqdə vəziyyət son dərəcə mürəkkəb və riskli olsa da, düşünürəm ki, genişmiqyaslı quru əməliyyatları hələ ki, ehtimal olunan deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq ABŞ lideri Trampın Xark adasına quru qoşunları ilə müdaxilə etmə ehtimalını dəyərləndirib:
“ABŞ Prezidenti Donald Trampın Xark adasına quru qoşunları ilə müdaxilə ehtimalını istisna etməməsi, eyni zamanda İranla razılıq əldə olunmadığı halda enerji infrastrukturu və strateji obyektlərin hədəfə alına biləcəyi barədə açıqlamaları Vaşinqtonun təzyiq strategiyasını sərtləşdirdiyini göstərir. Məlumdur ki, hazırkı böhranın mərkəzində bir neçə əsas məsələ dayanır. Birincisi, İranın regional təsir imkanları və ABŞ-ın Tehranın hərbi potensialını məhdudlaşdırmaq cəhdləri. İkincisi, Hörmüz boğazının təhlükəsizliyi məsələsidir. Bu su yolu qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır və burada hər hansı uzunmüddətli qeyri-sabitlik dünya enerji bazarlarına birbaşa təsir göstərir. Üçüncüsü isə tərəflərin danışıqlar masasında daha əlverişli mövqe qazanmaq üçün hərbi təzyiqdən istifadə etməsidir. Son eskalasiya göstərir ki, Hörmüzü özünün əsas təsir vasitəsi hesab edən İran nəyin bahasına olursa-olsun boğaz üzərində nəzarət imkanlarının tanınmasını istəyir və bu məqsədlə də özünün nəzarətindən kənar istənilən gəmini hədəfə alır. ABŞ isə buna dərhal reaksiya verərək ağır zərbələr endirməklə bu hüququ heç bir halda tanımayacağını ortaya qoyur. Yəni, başqa sözlə, Vaşinqton İranın əlindən Hörmüz kimi bir təzyiq vasitəsini almaq üçün hərəkət edir, Tehran isə xarici təzyiqlər qarşısında geri çəkilməməklə daxili və regional mövqelərini qorumağa çalışır. Konkret Xark adasına gəldikdə isə bu adanın xüsusi əhəmiyyəti var. Bu ada İranın əsas neft ixrac mərkəzlərindən biridir və Fars körfəzində strateji mövqeyə malikdir. Buna görə də onun hədəfə alınması təkcə hərbi yox, həm də iqtisadi nəticələr doğuracaq. ABŞ istəyir ki, maksimum təzyiqlə İranın regional hərbi imkanlarını və strateji rıçaqlarını zəiflətsin. Lakin onu da nəzərə almaq lazımdır ki, belə bir addım ciddi regional nəticələr də doğura bilər”.
R. Bayramov hesab edir ki, Amerikanın quru qoşunları ilə total hücumu üfüqdə görünmür:
“Digər mühüm məqam ondan ibarətdir ki, ABŞ-İran qarşıdurması artıq yalnız iki ölkənin münasibətləri çərçivəsində nəzərdən keçirilmir. İsrail, Körfəz ölkələri, Avropa, Rusiya və Çin kimi regional və qlobal aktorların maraqları da bu prosesə təsir edir. Buna görə də hər hansı yeni gərginlik dalğası daha geniş qarşıdurma müstəvisinə keçə bilər. Odur ki, belə bir gərgin və həssas vəziyyətdə ən vacib məsələ ABŞ-ın quru əməliyyatına keçib-keçməyəcəyi ilə bağlıdır. Analitik baxımdan, genişmiqyaslı quru əməliyyatları Vaşinqton üçün çox mürəkkəb seçimdir, xüsusilə də indiki, yəni ABŞ-də aralıq seçkilər ilində. Çünki İran İraq və ya Əfqanıstandan fərqli olaraq daha böyük əraziyə, daha çox əhaliyə, güclü təhlükəsizlik strukturlarına və asimmetrik müharibə imkanlarına malikdir. Yəni, başqa sözlə, belə bir əməliyyat ABŞ üçün həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan yüksək risk daşıyır. Buna görə də ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ehtimalı aşağıdır. Düşünürəm ki, ABŞ prosesi məhdud hava zərbələri, dəniz blokadası, kiber əməliyyatlar və strateji obyektlərə təzyiqin artırılması ilə davam etdirəcək. Quru qoşunlarından istifadə ehtimalı isə son çarədir. Yəni danışıqların tam iflasa uğraması və ya Vaşinqtonun konkret strateji məqsəd müəyyən etməsi halında gündəmə gələ bilər. Odur ki, Trampın açıqlamalarında sərt ritorika olsa da, belə addımın praktik nəticələri ABŞ rəhbərliyi üçün ciddi hesablama tələb edir. Beləliklə, Yaxın Şərqdə vəziyyət son dərəcə mürəkkəb və riskli olsa da, düşünürəm ki, genişmiqyaslı quru əməliyyatları hələ ki, ehtimal olunan deyil”.
Nurlan Cəfəri













